"Beynəlxalq Ailə günü”nə həsr edilmiş tədbir keçirildi
15 may 2025-ci il tarixdə Şuşa Humanitar Kollecinin rəhbərliyinin, müəllimlərin, tələbələrin və Şuşa rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə "Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Könül Hüseynova Azərbaycanda dövlət ailə siyasətinin formalaşmasının Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərdiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edənlər tədbirin keçirilməsində məqsədin erkən yaşda, eləcədə qohumlar arasında bağlanmış nikahların fəsadlarının ictimaiyyətə çatdırılması və yetişməkdə olan gənc nəsli bu haqda maarifləndirməkdən ibarət olduğunu vurğulamış, erkən nikahların yeniyetmə qızların təhsildən yayınması və onların təhsil hüququnun pozulması ilə müşahidə edildiyini bildirərək, bu faktları aradan qaldırmaq üçün dövlət orqanları kimi ictimaiyyətin, həmçinin ağsaqqal və din xadimlərinin də üzərinə böyük vəzifələr düşdüyünü qeyd etmişlər. Erkən nikah hallarının ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu, erkən yaşda qurulan nikahların 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyini və bu səbəbdən gələcəkdə ailədaxili zorakılıq hallarının artması ilə nəticələndiyini bildirmişlər. Vurğulanmışdır ki, erkən yaşda nikaha daxil olmaq sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Bu neqativ halın bizim ölkədən də yan keçmədiyi və bunun fəsadları barədə insanlara düzgün məlumatlar çatdırılmasının vacibliyi qeyd edilmişdir.
Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın 1-ci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.
Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür.
Tədbirdə milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə ötürülməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu və digər vacib məsələlər haqqında müzakirələr aparılmış, bu mövzuda videoçarx nümayiş olunmuşdur.