“Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir
Şuşa rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayon sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirlərdə Rayon İcra Hakimiyyətinin və rayon təhsil sektorunun məsul işçiləri, məktəblərin pedoqoji kollektivi, şagirdlər və valideynlər iştirak etmişdir.
Tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib. Bildirilib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdə ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutur.
Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Tədbirlərdə məktəbin yuxarı sinif şagirdləri ana dilimizi vəsf edən şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar təqdim etmişdir.