Beynəlxalq Mülki müdafiə günü münasibətilə tədbir keçirildi
2023-cü il mart ayının 1-də Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Şuşa şəhər 7 saylı tam orta məktəbdə “Ümumdünya Mülki Müdafiə Günü” nə həsr olunmuş “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Elxan Ələkbərov, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Natiq Mahmudov , Quşçular kənd həkim ambulatoriyasının baş həkimi Oktay Həşimov, ümumtəhsil məktəblərinin hərbi hazırlıq müəllimləri, məktəbin yuxarı sinif şagirdləri iştirak etmişdir. Tədbir mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində şagirdlərin və müəllimlərin hazırlığı və maarifləndirilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, baş verə biləcək fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə vərdişlərin aşılanması, müəllim və şagirdlərin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi məqsədilə keçirilmişdir. “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda müzakirələrin aparılması, səsləndirilən suallara şagirdlərin dolğun cavabları hərbi hazırlıq müəllimlərinin mülki müdafiə sahəsində şagirdlərin maarifləndirilməsi işini uğurla həyata keçirdiklərini əyani şəkildə nümayiş etdirmiş oldu. Tədbirdə çıxış edənlər ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN tərəfindən mütəmadi olaraq lazımi tədbirlər görüldüyünü vurğulayıblar. Fövqəladə halların effektiv idarə olunması, o cümlədən mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması üçün dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırıldı.