Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 149 il ötür
Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımız çətin və şərəfli bir yol keçib. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.
Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib.
Azərbaycanda azad və müstəqil mətbuatın yaradılması ümumilli lider Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Ulu öndərimiz kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət vermiş, ölkəmizdə jurnalistərin peşə fəaliyyəti üçün geniş imkanlar yaratmışdır. Kütləvi informasiya vasitələrinin dövlət qayğısı ilə əhatə olunması ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən davam davam və inkişaf etdirilir.
Mətbuat orqanlarının əlavə dəyər vergisindən və keçmiş borclarından azad olunması, kütləvi informasiya vasitələrinin inkişafının stimullaşdırılması, mətbuat işçilərinin mükafatlandırılması, dövlət orqanları ilə mətbuat arasında qarşılıqlı inam və etimad körpüsünün yaranmasına səbəb olmuşdur. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin əvəzolunmaz fəaliyyəti danılmazdır. Onların peşəkarlığı, fədakarlığı və çevikliyi sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatlar çatdırıldı.
Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.
Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.
Bu gün peşə bayramını qeyd edən bütün mətbuat işçilərini təbrik edir, hər birinə can sağlığı və nailiyyətlər arzulayırıq. Bayramınız mübarək!