Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanın görkəmli bəstəkarı Süleyman Ələsgərovun doğum günüdür

22 fevral 2023 | 11:21

Bu gün Azərbaycanın görkəmli bəstəkarı Süleyman Ələsgərovun doğum günüdür

Bu gün Azərbaycanın görkəmli bəstəkarı Süleyman Ələsgərovun doğum günüdür. Şuşa Mədəniyyət evininin bədii rəhbəri , vokal tenor ifaçısı Orxan Mövlanın ifasında səsləndirilmiş, böyük Üzeyir bəyin istedadlı davamçılarından olmuş unudulmaz bəstəkarımız Süleyman Ələsgərov anadan olmasının ildönümünə həsr olunmuş “Vətənimdir”adlı romansını sizə təqdim edirik. (https://youtu.be/S3kbEpcm3Bg)
Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub. İlk təhsilini musiqi texnikumunun tar sinifində alıb. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali təhsil almaq üçün Bakıya üz tutub. Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddət ərzində müsiqi ictimaiyyətində tanınmağa başlanıb. Gənc bəstəkar 1943-cü ildə Üzeyir Hacıbəylinin təqdimatı ilə Bəstəkarlar İttifaqına qəbul olunub. Süleyman Ələsgərovun yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısı böyük rol oynayıb. Tükənməz yaradıcılıq imkanlarına malik olmuş Süleyman Ələsgərov on bir operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyaların, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, iki yüzdən artıq nəğmənin müəllifi olub. Süleyman Ələsgərov səmərəli yaradıcılığı ilə yanaşı, həm də fəal ictimaiyyətci olub. O, müxtəlif illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Radio və Televiziya xalq çalğı alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru, Mədəniyyət Nazirliyinin İncəsənət idarəsinin rəisi, Bakı Musiqi Akademiyasında xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində işləyib. O, bütün varlığı ilə Qarabağa, doğulub boya-başa çatdığı Şuşaya bağlı idi. Qarabağda baş verən hadisələrə bəstəkar öz fikirini bəstələrində ifadə edib. “Yürüş mahnısı”, “Gənclik marşı”, “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan”, “Biz qələbə çalmalıyıq”, “Bura vətəndir” mahnıları, “Əsgər marşı”, “Güllələnən abidələr” balladası, “Azərbaycan polisi”, “Bakı-Ankara” əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşlar Süleyman Ələsgərov yaradıcılığında Vətən harayı, düşmənə qisas çağırışı olub. Bəstəkarın yaradıcılığında оperetta janrı əsas yer tuturdu. Süleyman Ələsgərov 1999-cu il yanvarın 21-də 74 yaşında vəfat edib. Bu gün görkəmli bəstəkarın vətəni Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun qəhrəmanlığı , şəhidlərimizin qanı bahasına işğaldan azad edilmiş Şuşada bu torpağın yetişdirdiyi hər bir görkəmli şəxsiyyət kimi xatirəsi şuşalıların daim qəlbində yaşayan Süleyman Ələsgərovun ruhu şaddır.

 

 

Keçidlər