Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

18 oktyabr 2024 | 16:13
1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu. Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.
Şuşa rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili” münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva tədbir iştirakçılarını “Müstəqilliyin bərpası Günü” münasibəti ilə səmimi qəlbdən təbrik edərək bildirmişdir ki, Azərbaycan xalqı artıq bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərə həyat qayıdır. Dövlət başçısının göstərişinə əsasən, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın qeyri-qanuni erməni silahlı birləşlələrindən təmizlənməsi və ərazilərəki qondarma rejimin ləğv edilməsi istiqamətində başladığı lokal xarakterli antiterror tədbirləri də qısa müddətdə böyük uğurla nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah olunması, qondarma rejiminin özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Keçidlər