Bu gün Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun 80 yaşı tamam olur
04 fevral 2025 | 17:55
Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayaraq instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlərə, dram tamaşalarına musiqi, mahnı və romanslar yazıb. Polad Bülbüloğlu 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1988-ci ildən 2006-cı ilədək Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifələrində çalışıb. 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyib.
Sənətkarın Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilib, o, 1973-cü ildə "Əməkdar incəsənət xadimi", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb, 2005-ci ildə "İstiqlal", 2015-ci ildə "Şərəf" ordenləri ilə təltif edilib.
Polad Bülbüloğlu 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin VII çağırış deputatının Şuşa rayonu üzrə mandatını qazanıb. Hazırda MM-də Azərbaycan–Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədridir.
Polad Bülbüloğlu Prezident İlham Əliyevin 3 fevral 2020-ci il tarixli Sərəncamı ilə mədəniyyətimizin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali mükafatına - "Heydər Əliyev" ordeninə layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə Polad Bülbüloğlu Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Böyük ustadı yubiley yaşı münasibətilə təbrik edirik. Sevilən sənətçi, xalq adamı, diplomat, siyasətçi, deputat və yaşının bu çağında belə şövqünü itirməyən Polad Bülbüloğluna uzun-uzun ömür arzulayırıq.