Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Silahlı Qüvvələr Günüdür

26 iyun 2022 | 10:45

Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Hazırda müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Ordu tarixən həmişə dövlət , xalq, millət üçün ən əziz anlayış olmuşdur. Ordu hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Bu gün iftixar hissi ilə bütün dünyaya bəyan edirik ki, müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu var. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. 1989-1993-cü illər Azərbaycan tarixinə ən çətin dövr kimi daxil olmuşdur. Həmin illərdə dövlətçilik təcrübəsi və ənənələri, iqtisadiyyat və idarəetmə, ordu quruculuğu, aqrar sahə, mənəvi sfera və digər fəaliyyət sahələrində əldə edilmiş nailiyyətlərin hamısı iflasa uğradı, xaos və anarxiya vəziyyətində olan ölkə Ermənistanın başladığı ədalətsiz müharibədə torpaqlarının 20 faizini itirdi. Məhz Heydər Əliyevin sərkərdə səriştəsi, siyasi müdrikliyi və fitri idarəetmə istedadı sayəsində 1993-cü ilin ikinci yarısından etibarən son dərəcə mürəkkəb bir vəziyyətdə olan Azərbaycanda Milli Ordu quruculuğu, Silahlı Qüvvələrin təşkili prosesi yeni vüsət almağa başladı. Azərbaycanda nizami ordu quruculuğu prosesi ilə bağlı ilk addımlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev qanunsuz silahlı dəstələri, pərakəndə silahlı qrupları ləğv etdi və beləliklə də, nizami ordunun formalaşdırılması istiqamətində ilkin addımlar atıldı. Tezliklə ölkədə vahid komandanlığa tabe olan ordu formalaşdırıldı. Ordunun peşəkar kadrlarla təmin edilməsi, texniki təchizatının yaxşılaşdırılması və sairə istiqamətində ciddi qərarlar qəbul edildi. Ulu öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyəti dönəmində nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu. Müasir ordu quruculuğu istiqamətində İlham Əliyevin atdığı çoxsaylı addımlar, həyata keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində Azərbaycan ordusunu adi, sıradan bir ordudan dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı. Prezident İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar öz çıxışların birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır . Ulu Öndər siyasətini, ideologiyasını, irsini uğurla davam etdirən cənab prezident, Ali baş komandan İlham Əliyev hər zaman dövlətimizin inkişafı üçün bütün gücünü səfərbər etmiş, artıq dövlətimizin çiçəklənməsindən, dinamik inkişafından sonra Azərbaycanın beynəlxalq səviyyədə güclü bir dövlət kimi tanıtmağa müvəffəq olmuşdur.
30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın sentyabrın 27-də təxribat törədərək ölkəmizə qarşı hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz ordu” mifini darmadağın etdi. İşğalçı illər idi ki, mülki əhalimizə qarşı törətdiyi müxtəlif təxribatlarla müharibənin ərazisini genişləndirməyə çalışırdı. Yeni bölgələr tutmaq, tapdaq altında saxlamaq iddiasını da gizlətmirdi. Azərbaycan isə hər dəfə düşmənin təxribatlarına layiqli cavab versə də, bu, ona dərs olmurdu. Lakin indiki Vətən savaşında səbir kasası daşan Azərbaycan Ermənistana biabırçı məğlubiyyət yaşatdı. Qısa dövrdə Ordumuzun endirdiyi sərrast zərbələr nəticəsində Ermənistanın 3 milyard ABŞ dolları məbləğindəki hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı. Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi zəfərə imza atdı. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündənsonra təcazvüzkarı hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atmaq məcburiyyətində qoydu. 44 günlük müharibə Azərbaycanın nə qədər vətənpərvər, böyük xalqı olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sərgiləməklə onun necə güclü olduğunu bir daha sü¬buta yetirdi. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtma¬yıb. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heç də son məqsəd deyildi. Azərbaycan, sadəcə, güc tətbiq etməklə Ermənistanı işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur etmək, öz şərtlərini işğalçıya qəbul etdirmək istəyirdi və buna tam nail oldu. Bu şanlı qələbəmizin əldə edilməsi üçün biz ilk öncə Vətən uğrunda canından keçmiş, şəhid olmuş igidlərimizə borcluyuq, onların xatirəsi daima azərbaycan xalqının qəlbində yaşayacaq. Sağlamlığlarını itirmiş qazilərimizə və bu müharibədə qətiyyət , iradə və dönməzlik nümayiş etdirərək siyasi savadı ilə beynəlxaq aləmdə ən böyük informasiya müharibəsini aparmaqla düşməni susduran Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına minnətdarıq.

Keçidlər