Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10 may 2022 | 14:52

Ulu Öndər Heydər Əliyevin  şərəfli ömür yolu Vətənə xidmət nümunəsi, qürur və fəxarət rəmzidir.  Heydər Əliyev xalqı tarixin ən çətin sınaqlarından çıxararaq dövlətimizin tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələrdən birini təşkil edir. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. Heydər Əliyevin   fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. 1969-cu il Azərbaycan SSRin sosial-iqtisadi və mədəni inkişafında dönüş ili olmuşdur. Ulu Öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə çevrilmişdi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Müstəqilliyimizi bərpa etdikdən sonra kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir – qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir Ulu öndərin şəxsi iradəsi və siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, qısa müddət ərzində dövlət və hakimiyyət böhranına, xaos və anarxiyaya son qoyulmuş, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilmişdir. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə almmaqla sabitliyə nail olunmuş, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarların hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi mənfi təzahürlər aradan qaldırılmaqla kriminogen durum stabilləşdirilmişdir. Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirirdi, cəmiyyətin bütün təbəqələrində fasiləsiz inkişaf, irəliləyiş ruhu hökm sürürdü.  Müstəqilliyimizin on ili - 1993-2003-cü illər ərzində dahi Heydər Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi.Dünya iqtisadi sektorunda ən sabit və yüksək inkişaf indikatorlarına malik ölkə hesab olunan  Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ötən illərdə əldə etdiyi nailiyyətlərə, sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olunmuşdur. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və kompleks  islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına  və  sıçrayışlı inkişafın təmin olunmasına dərin əsaslar yaradıb. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Ulu Öndər səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini Prezident İlham Əliyevin xeyrinə geri götürmüşdür. Ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkəmizin hərtərəfli inkişafına ,beynəlxalq nüfuzunun artmasına, 44 günlük Vətən müharibəsi nəticəsində  ərazi bütövlüyümüzün bərpasına  nail olmuşdur.  Dünya şöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar respublikamızda  olduğu kimi  müxtəlif xarici ölkələrdə geniş tədbirlər keçirilir. Heydər Əliyev şəxsiyyəti və dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir və  xalqımız rifahı , dövlətimiz inkişafı yolunda  Heydər Əliyevin yorulmaz,uzaqgörən  fəaliyyəti  gələcək nəsillər üçün bir vətənpərvərlik məktəbidir.

Keçidlər