Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət gənclər siyasəti

31 yanvar 2023 | 14:57


Hər bir millətin gələcəyi onun gəncliyindən asılıdır. Çünki sağlam təfəkkürlü, geniş dünyagörüşlü gəncliyin formalaşması həm də Azərbaycanın parlaq gələcəyi deməkdir. Azərbaycanda gənclərin hərtərəfli inkişafı, respublikanın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin edilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Bu gün həyata keçirilən gənclər siyasətinin, onlara göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır.
Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Buna görə də ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq bu gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyev öz çıxışlarının birində demişdir: "Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”. Azərbaycan gəncləri də ölkənin gələcəyi olaraq üzərlərinə çox böyük vəzifələr düşdüyünü çox gözəl anlayırlar. Bunun üçün də ilk növbədə vətənpərvər olmalı, istənilən sahədə çalışarkən vətəninə, xalqına vicdanla xidmət etməlidirlər.
Dövlətimizin başçısı gənclərin rifahına xidmət edən mühüm Dövlət proqramlarını təsdiq edərək Fərman və sərəncamlar imzalayır. Bu istiqamətdə “Azərbaycan gəncliyi Dövlət proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər), “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramları təsdiq edilmişdir.
Öz dövləti və lideri ətrafında sıx birləşən müasir gənclər Azərbaycan Prezidentinin ən böyük dəstəkçisi və onun siyasətinin davamçılarıdırlar. Azərbaycan dövləti ölkə gənclərinə hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını hər addımda doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayon gənclərinin hərbi vətənpərvərlik tərbiyəsi daim Şuşa rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır.
Şuşa rayon gənclərinin hərbi - vətənpərvərlik tərbiyəsinin və milli –mənəvi dəyərlərimizin inkişafı sahəsində onların fəaliyyətini gücləndirmək məqsədilə gənclər arasında Azərbaycanın Milli Qəhrəmanlarının, şəhid döyüşçülərin gənclər arasında təbliğinə xidmət edən tədbirlər keçirilir, Bu məqsədlə ümumtəhsil məktəblərində “Şahin”, “Sərhəd”, “Vətənin müdafiəsinə hazıram” hərbi-idman oyunları keçirilir.
20 Yanvar, 31 Mart, Qaradağlı, Xocalı soyqırımları ilə əlaqədar anım mərasimləri keçirilmişdir.
Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən 3,5,9,10,11 saylı tam orta məktəblərdə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4-cü bəndinin (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması) icrasının təmin edilməsi məqsədilə yeniyetmə və gənclər arasında maarifləndirici tədbirlər keçirilmişdir.
44 günlük Vətən müharibəsi zamanı şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış Şuşa rayonundan olan şəhidlərimizin əziz xatirəsi, şəhadətə qovuşduqları gün onların məzarı önündə dərin ehtiramla yad edilmişdir. Qürur hissi ilə deyirik ki, bu gün ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb. Bu isə, öz növbəsində, gəncliyə yaradılan hərtərəfli şərait, göstərilən dövlət qayğısı sayəsində mümkün olub. Gənclər Vətən qarşısında öz vətəndaşlıq vəzifələrini layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, milli dövlət quruculuğunda fəal iştirak edirlər.
Hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində artıq bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Keçidlər