“Dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması” mövzusunda tədbir keçirilmişdir
Hökumətlərin açıq və hesabatlı olması, xalqın iştirakına və ictimai nəzarətə əsaslanan idarəetmə sisteminin təşkili müasir dövrün ən aktual məsələsi kimi mütərəqqi dünyanın, bütün demokratik dövlətlərin və xalqların gündəmini təşkil edir. Həqiqi hesabatlılıq və şəffaflıq mexanizmlərinin sosial rifahın və ədalətin təmin edilməsində həlledici amil olmasının praktik təsdiqi bu istiqamətdə təşəbbüs və səylərin daha geniş vüsət almasını şərtləndirmişdir. Dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqininin gücləndirilməsi və ictimai nəzarətin gücləndirilməsi məsələləri son illər rəsmi dövlət hakimiyyətinin fəaliyyətində əsas prioritet istiqamətlərdən birini təşkil edir. Müvafiq qanunvericilik aktlarının qəbul edilməsilə iştirakçılığın legitim əsasları gücləndirilmiş və daha əlverişli hüquqi mühit yaradılmışdır. Xüsusilə 1 iyun 2014-cü ildən qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ictimai iştirakçılığın perspektiv inkişafı üçün mühüm əhəmiyyətə malik olmuşdur. Formalarını və icra mexanizimlərini daha aydın şəkildə müəyyən etməklə Qanun ictirakçılığın nəzəriyyədən praktikaya transformasiya edilməsinə mühüm töhfə vermişdir. İctimai şuralar ilə bağlı məsələlər “İctimai iştirakçılıq haqqında” qanunla bərabər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 30 may 2014-cü il tarixdə qəbul olunmuş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” ilə tənzimlənir.
İctimai Şuraların yaradılması cəmiyyətdəki mövcud problemlərin həlli üçün dövlət orqanları ilə cəmiyyət arasında əlaqələrin yaranmasına, dövlət orqanlarına dəstək mexanizminin formalaşmasına şərait yaratdı. Bu aktual məsələnin ölkə başçısı tərəfindən hüquqi təsdiqi əslində yerlərdə vətəndaşları narahat edən ən xırda məslələrin həllinə aparan geniş bir yolun açılması oldu. Dünya təcrübəsindən də göründüyü kimi, vətəndaş cəmiyyətinin dövlət qurumları ilə birgə fəaliyyəti vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipinin təmin olunmasına səbəb olur. Eyni zamanda, ictimai şuraların fəaliyyəti sosial media ilə inteqrasiya olunmuş formada reallaşması bu şəffaflığın daha da artmasına səbəb olur.
23 fevral 2023 –cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətininin başçısı Bayram Səfərovun, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşlarının və rayon üzrə fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər ictimai şuranın cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməsi, qarşıya çıxan problemlərin aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməsi bir daha vurğulandı. İctimai Şuraların fəaliyyətində cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsinin, sağlam dialoqun qurulmasının, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasının əsas məqsəd olduğu qeyd olundu.