«Dövlət qulluğu sistemi və beynəlxalq təcrübə» istiqaməti üzrə qısamüddətli ixtisasartırma kurslarında Şuşa rayonunun dövlət qulluqçularının iştirakı təmin edilir
Azərbaycan Respublikası bu gün öz müstəqil dövlətçilik tarixinin şərəfli, böyük dəyişikliklər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Cəmiyyət həyatının bütün sahələrində geniş islahatlar aparılır. Beynəlxalq aləmdə də yüksək qiymətləndirilən bu islahatlar yeni-yeni nailiyyətlər qazandırmaqla yanaşı, müstəqil dövlətimizin dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir. Cəmiyyət həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlərin başlıca səbəblərindən biri də güclü və işgüzar dövlətin olmasıdır. Belə bir dövlətin yaradılması və inkişaf etdirilməsi üçün professionallıq səviyyəsi, zəngin biliyə və təcrübəyə malik, işgüzarlığı yüksək olan idarəçilik sisteminin də olması zəruri şərtlərdən biridir.
Dövlət qulluğu sahəsində həyata keçirilmiş mühüm islahatlar sayəsində Azərbaycan Respublikasında özünəməxsus dövlət qulluğu sistemi formalaşmış və bu sistemdə qabaqcıl beynəlxalq təcrübədən istifadə edilmişdir. İctimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, ilk növbədə, bu orqanlarda çalışan dövlət qulluqçularının yüksək peşəkarlığından və vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsindən asılıdır. Bu istiqamətdə Azərbaycan Respublikası müxtəlif beynəlxalq və regional təşkilatlarla, habelə bir sıra beynəlxalq şəbəkələrin üzvü kimi digər dövlətlərin müvafiq qurumları ilə fəal əməkdaşlıq etmiş, müxtəlif beynəlxalq təşkilatların dövlət qulluğu sahəsində tövsiyələrinin icrasını təmin etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında «Dövlət qulluğu sistemi və beynəlxalq təcrübə» istiqaməti üzrə qısamüddətli ixtisasartırma kurslarında dövlət orqanlarında çalışan müvafiq dövlət qulluqçuları, o cümlədən, Şuşa rayonundan da nümayəndələr cəlb olunur. Kurslarda «Dövlət qulluğu sistemi və beynəlxalq təcrübə» istiqamətində kursun əsas məqsədi “Dövlət qulluğu etikası”, “Dövlət İdarəçiliyində liderik”, “Dövlət qulluqçularının qiymətləndirilməsi” və s. mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsi aparılır.