Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsi keçirildi
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2020-ci il noyabrın 24-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiqi ilə bağlı 2020-ci il 26 dekabr tarixində Fərman imzalanıb. Dəyişikliklər dövlət qulluqçusunun fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tutur. Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na əsasən aparılır. Şuşa Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçilərinin, şəhər,qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsi keçirildi. Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə əlaqədar görülmüş işlər barədə məlumat verdi, xidməti fəaliyyətində nöqsanlara yol vermiş dövlət qulluqçuları ilə əlaqədar qanunamüvafiq olaraq tədbirlərin görüldüyü diqqətə çatdırıldı.