Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluqçusunun etik davranış qaydaları” mövzusunda tədbir keçirildi

09 yanvar 2026 | 17:53

09.01.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişdir. Tədbirdə çıxış edən RİH başçısı Bayram Səfərov tədbir iştirakçılarını salamlayaraq dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açıb. Bildirilib ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və əməl etməlidir.
“Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun əsas məqsədi dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılmasını, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadın yüksəldilməsidir. Qanunun bütün maddələrində dövlət qulluqçusunun xidməti fəaliyyəti dövründə Vicdanlı davranışı, Peşəkarlıq və fərdi məsuliyyətinin olması, Mədəni davranışı, rəhbərin əmr sərəncam və tapşırıqlarını yerinə yetirməsi, qərəzsizlik, korrupsiyaya qarşı mübarizə aparması kimi əsas qaydalar öz əksini tapmışdır. Eyni zamanda qanunda fəaliyyət göstərən dövlət qulluqçularına Dövlət orqanının rəhbərinin nəzarəti və bu qaydaları pozan işçilərə görə məsuliyyətin tətbiq edilməsi imkanlarının olmasını müəyyən edir. Nümunəvi etik davranışın dövlət qulluqçuları üçün bir norma olaraq, onların fəaliyyətində nəzərə alınmasının ən vacib tələblərdən biri olduğunu qeyd edən RİH başçısı Bayram Səfərov bu tədbirin əsas məqsədinin dövlət qulluqçuları üçün mühüm məsələlərdən olan etik davranış qaydaları və onlara əməl edilməsi ilə bağlı müzakirələrin aparılması olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edənlər tərəfindən dövlət qulluğu sistemində ölkəmizdə aparılan islahatlar çərçivəsində görülən işlər, imzalanan qanunvericilik aktları barədə məlumat verildi. Dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamında toxunulan məsələlər, Strategiyaya əsasən mövcud vəziyyətin təhlili barədə məlumatlar iştirak edənlərin nəzərinə çatdırıldı.
Ölkəmizdə aparılan islahatlara uyğun olaraq, RİH başçısı Aparatının əməkdaşlarına vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılmasına diqqətlə yanaşmaları bildirildi və bu istiqamətdə tapşırıq və tövsiyyələr verildi.
Daha sonra təlim iştirakçıları ilə mövzu ətrafında sual-cavab xarakterli müzakirələr aparıldı.

Keçidlər