Əbdülkərim bəy Mehmandarovun 170 illik yubileyi qeyd edilmişdir
04 dekabr 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli ziyalı, Azərbaycanın ilk hərbi həkimi, “Difai” təşkilatının Şuşa şöbəsinin yaradıcısı və sədri, Şuşada ilk rus-azərbaycan qız məktəbinin təsisçisi Əbdülkərim bəy Mehmandarovun anadan olmasının 170 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilmişdir.
İlk əvvəl tədbirin qonaqları Muğam Mərkəzinin foyesində “Bayatı-Şiraz” muğamı sədaları altında Şuşa Məhəllələrinin şəkillərinin nümayiş edildiyi sərgi ilə tanış olmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, iştirakçılar torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir. “Millət naminə - Əbdülkərim bəy Mehmandarov” sənədli filmindən fraqmentlər nümayiş etdirilmişdir.
Tədbirdə giriş sözü ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov görkəmli ziyalı, Azərbaycanın ilk hərbi həkimi Əbdülkərim bəy Mehmandarovun Qarabağdakı ictimai-siyasi fəaliyyəti ilə bağlı çıxış etmişdir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, millət vəkili, Azərbaycanın xalq artisti Polad Bülbüloğlu, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, K.B.Mehmandarov adına Şuşa Rayon Mərkəzi Xəstəxənası, publik hüquqi şəxs, icraçı direktor Kəmalə Səfərova Mehmandarovun həyatı və həkimlik fəaliyyəti barədə, Mehmandarovlar nəslinin nümayəndəsi Məhbubə Əzizova onun ictimai-siyasi, Vətənə, millətə yaşadığı dövrdə xeyirxah fəaliyyətindən danışmışdır. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, əməkdar artist Nazir Rüstəmovun ifasında Mehmandarov obrazı canlandırılmışdır.
Vurğulanmışdır ki, Şuşa şəhəri işğaldan azad edildikdən sonra Mehmandarovların malikanə kompleksində Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılmış və keçən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva kompleksin açılışında iştirak etmişdir. Bu gün bu kompleks muzey kimi fəaliyyət göstərir. Bu da Kərim bəyin xalqımız qarşısındakı xidmətlərinə verilən qiymətdir.
Tədbirin bədii hissəsində şuşalı sənətkarlar – müğənnilər Babək Şuşalı, Orxan Mövlan, Səməd Novruzov, Günay Şuşalı və Rüfət Piriyevin ifasında “Qarabağın maralı”, “Azərbaycan”, “Nadirin ariyası”, “Şuşanın dağları”, “Ey Vətən” mahnıları səslənmiş, xalq artisti Nurəddin Mehdixanlı öz ürək sözlərini şerlə ifadə etmişdir.
Tədbir iştirakçıların sürəkli alqışları ilə sona çatmışdır.