Əhali arasında ekoloji maarifləndirmə işinin aparılması məqsədilə tədbir keçirildi
Prezident İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görülür, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar yerinə yetirilir. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən həmin layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sosial-iqtisadi inkişafla əlaqədar əhali arasında ekoloji maarifləndirmə işini aparılması məqsədilə tədbir keçirilmişdir.Tədbirdə iştirak edən idarə və müəssisə rəhbərləri çıxışlarında bildirdilər ki, bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsvir etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Hava təmizliyinin insanlıq üçün nə qədər vacib olduğu, insanlıq oksigensiz yaşaya bilməyəcəyindən və təbiətdə yaşıllığın artırılması yolları haqqında müzakirələr aparılıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ətraf mühitin mühafizəsi hər bir insanın daim diqqətində olmalıdır. Çünki insanlar təbiətə necə münasibət göstərirlərsə, təbiət də adekvat olaraq cavabını verir. Qlobal iqlim dəyişiklikləri fonunda təbii fəlakətlər baş verir, onların nəticəsində insanlar həyatlarını itirirlər. Ona görə də hər bir insan ətraf mühitin qorunmasında üzərinə düşən vəzifələri həyata keçirməklə yanaşı, cəmiyyətdə baş verən ekoloji çirklənməyə qarşı daim mübarizə aparmalıdır.
Tədbirin sonunda Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək bildirib ki, ilk növbədə, əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif mövzularda kütləvi tədbirlərin həyata keçirilməsini davam etdirmək lazımdır. Burada məqsəd, əsasən, insanlarda ekoloji fəlakətlərin mahiyyəti barədə müəyyən təsəvvürlər yaratmaqdır. Bu gün əhalinin ekoloji təhsili və maarifləndirilməsi dövlətin ekoloji siyasətində önəmli yer tutur. İnanırıq ki, əhali arasında genişmiqyaslı maarifləndirici tədbirlərin həyata keçirilməsi insanların ətraf mühitə daha qayğı ilə yanaşmasına imkan yaradacaq.