“Erkən nikahın fəsadları və bu problemə qarşı birgə mübarizə tədbirləri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
16 fevral 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa rayon 6 nömrəli tam orta məktəbdə “Erkən nikahın fəsadları və bu problemə qarşı birgə mübarizə tədbirləri” barədə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Başçı Yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə Monitorinq Qrupunun üzvləri, müəllimlər, valideynlər, psixoloqlar, şagirdlər iştirak edib.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Erkən nikahın fəsadları və bu problemə qarşı birgə mübarizə tədbirləri” mövzusunda sənədli film nümayiş olunub.
Tədbirdə erkən nikahın fəsadları və sağlam cəmiyyətin gələcəyi üçün yaratdığı təhlükələrdən ətraflı bəhs olunub. Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülbəniz Babayeva, Şuşa rayon 6 nömrəli tam orta məktəbin direktoru Naimə Əliyeva, həmin məktəbin peşəkar psixoloqu Elyana Məmmədzadə, Şuşa Rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru Şöhrət Abbasov, Malıbəyli kənd həkim məntəqəsinin mama-ginekoloqu Əfşan Məhərrəmova öz çıxışlarında ölkə qanunvericiliyində nikah yaşı, erkən nikahın başvermə səbəbləri, nəticələri, fəsadları, erkən nikahın yaratdığı hüquq pozuntusu və digər məsələlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, erkən nikahlar yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olur. Erkən nikahların qarşısının alınmasında bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edilib, habelə 18 yaşına çatmamış şəxslərin nikaha daxil olacaqları halda hansı tibbi, hüquqi, psixoloji, sosial-iqtisadi və digər problemlərlə qarşılaşacaqları izah edilib. Bu istiqamətdə aidiyyəti dövlət qurumlarının birgə fəaliyyətinin zəruriliyi xüsusi vurğulanıb. Bundan əlavə, tədbirdə himayədar ailələrin yaranması, himayədar valideyn-namizədlərlə müsahibələrin, təlimlərin keçirilməsi, uyğunlaşdırma mərhələsi, himayədar valideynlərlə müqavilə bağlanması, habelə himayədar valideyn olmaq istəyən şəxslərə dair tələblər, himayədar valideynlərin hüquq və vəzifələri, himayədar ailəyə verildikdən sonra uşağın monitorinqi aparılması barədə maarifləndirici söhbətlər diqqətə çatdırılıb.
Şuşa rayon 6 nömrəli tam orta məktəbin müəllimləri Türkan Məmmədovanın, Nicat Quliyevin, Elyana Məmmədzadənin, Mehparə Məmmədovanın birgə iştirakı ilə “Erkən nikahın fəsadları”, “Erkən nikaha yox deyək!”, “Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması”, "Məişət zorakılığı problemi və bu problemə qarşı birgə mübarizə tədbirləri", “Erkən nikah”, “Məişət zorakılığı”, “Gender bərabərliyi” mövzusunda məktəbdə keçirilən tədbirlərdən təqdim etdikləri videoslayd böyük maraqla izlənilib.
Sonda mövzu ilə bağlı valideynlərin və şagirdlərin fikirləri dinlənilib, qarşılıqlı müzakirə aparılıb. Erkən nikah və zərərli vərdişlərdən yeniyetmələrin qorunması istiqamətində valideynlərə müvafiq tövsiyələr verilib.
Problemin həll olunması onu yaradan səbəblərin aradan qaldırılmasından və ciddi maarifləndirmə işlərinin aparılmasından keçir. Erkən nikahlarla bağlı maarifləndirmə işlərinin daha effektli olması üçün birbaşa bu işdə cavabdeh olan valideynlərin tədbirlərdə iştirakı vacib amillərdən biridir. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, o, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə müəllim və şagirdlərlə yanaşı, uşaqların valideynləri də (xüsusilə uşaqların ataları) cəlb edilərsə, bu haqda insanlara düzgün məlumatlar çatdırılarsa, bu sahədə həyata keçirilən kompleks tədbirlər məsələnin köklü surətdə həllinə kömək olacaqdır.