Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikahın psixoloji, hüquqi və sosial fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

13 fevral 2026 | 17:00
13.02.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının və “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya”nın üzvlərinin iştirakı ilə “Erkən nikahın psixoloji, hüquqi və sosial fəsadları” mövzusunda maairfləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini və Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya”nın sədri Vüsalə Fətəliyeva çıxışında qeyd etmişdir ki, erkən nikah ilk baxışda adi sosial problem kimi görünsə də, onun arxasında ciddi psixoloji, hüquqi və sosial fəsadlar dayanır. Erkən nikah (18 yaşdan kiçik) şəxsin fiziki və psixoloji yetkinliyə çatmadan ailə qurmasıdır ki, bu da ciddi psixoloji travmalar, təhsildən yayınma, iqtisadi asılılıq, məişət zorakılığı və sağlamlıq riskləri (riskli doğuşlar) kimi dağıdıcı fəsadlara yol açır. Bu problem təkcə fərdin deyil, həm də cəmiyyətin sağlam inkişafına mane olan ciddi bir sosial bəladır. Mübarizə üçün hüquqi tədbirlərin gücləndirilməsi və maarifləndirmə vacibdir. Dünyada və ölkəmizdə də tətbiq olunan erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə beynəlxalq təşkilatlar və yerli qurumlar maarifləndirici tədbirlər görür, qanunvericiliklə nəzardə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah problemin də aradan qaldırılması üçün ailələr, ayrı ayrılıqda hər kəs mübarizə aparmalı, bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır. Komissiyanın sədri tədbir iştirakçılarına, idarə, müəssisə rəhbərlərinə tapşırıq verdi ki, işindən, peşəsindən asılı olmayaraq hər bir kəs erkən nikahların qarşısının alınması istiqamətində təbliğat və maarifləndirmə işlərini mütəmadi olaraq davam etdirməli, lazım olduğu təqdirdə hüquq-mühafizə orqanları ilə birgə müvafiq addımlar atılmalıdır.
“Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya”nın aparıcı məsləhətçi – psixoloqu Fatma Qılıncxanova çıxışında erkən nikahın fəsadlarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin vacibliyinə bir daha diqqət çəkərək qeyd etmişdir ki, bu kimi tədbirlər mütəmadi keçirilməli, sosial-psixoloji dəstəyə ehtiyacı olan qız uşaqlarına diqqət daha da artırılmalı və onların cəmiyyətə adaptasiya olunması yolunda səylər gücləndirilməlidir. Orta məktəblərdə davamlı təlimlər, seminarlar təşkil olunmalı, xüsusilə qızların təhsilə cəlb edilməsi istiqamətində vacib addımlar atılmalıdır.
Məruzəçilər vurğulayıblar ki, gənclərin əsas məqsədi təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, peşəkar fərd kimi formalaşmaq və cəmiyyətin tərəqqisinə töhfə vermək olmalıdır. Erkən nikahlar bu hədəflərə çatmaqda əsas maneələrdən biri kimi çıxış edir və bu səbəbdən onların qarşısının alınması həm dövlət, həm də cəmiyyət üçün prioritet məsələdir.
Keçidlər