“Gender əsaslı zorakılığa qarşı mübarizə” kampaniyası çərçivəsində Məişət zorakılığının qarşısının alınması istiqamətində “Gənclər arasında ailə dəyərləri”nin təbliği, “Erkən nikahın fəsadları” mövzularında silsilə tədbirlər keçirilmişdir
18 dekabr 2025-ci il tarixdə “Gender əsaslı zorakılığa qarşı mübarizə” kampaniyası çərçivəsində Şuşa Rayon Icra Hakimiyyəti tərəfindən Şuşa Humanitar Kollecdə və rayonun ümumtəhsil müəssisələrində silsilə maarifləndirici tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini - RİH-də yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun sədri Vüsalə Fətəliyeva, üzvlər, idarə, müəssisə rəhbərləri, Kollecin və ümumtəhsil məktəblərin direktorları, psixoloqlar, səhiyyə işçiləri, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak etmişdir.
“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun sədri Vüsalə Fətəliyeva gender zorakılığı ilə bağlı mövcud vəziyyət, gender zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat vermiş, qadınların öz hüququnu bilməməsi, onların fəallığının artırılması, aztəhsilli və iqtisadi asılılığı olan qadınların daha çox zorakılığa məruz qalması ilə bağlı çıxış edərək, qadınların fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Vüsalə Fətəliyeva ”Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun fəaliyyəti və baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumat vermişdir. Tədbirdə çıxış edənlər “Erkən nikahın fəsadları”, “Gənclər arasında ailə dəyərləri”nin təbliği, milli adət-ənənələrin qorunub saxlanılmasının ailədaxili münasibətlərdə rolu, ailənin əhəmiyyəti, məsuliyyəti, sağlam nikahın təməlləri və uşaqların düzgün tərbiyəsindən bəhs etmiş, bu tip tədbirlərin keçirilməsində əsas məqsədin gənclərə sağlam həyat tərzinin təbliğ olunması, gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsi, ailə dəyərlərinin qorunub saxlanılması və ailə münasibətlərinin möhkəm təməl üzərində qurulmasının təmin edilməsindən ibarət olduğunu vurğulamışdır.
Keçirilən tədbirlərdə əhali arasında məişət zorakılığının qarşısının alınmasına yönəlmiş məlumatlandırma və maarifləndirmə işinin mütəmadi olaraq aparılmasının vacibliyi vurğulanmış, sorğular keçirilmiş, suallar cavablandırılmış, iştirakçılara mövzu üzrə maarifləndirici bukletlər, məlumat vərəqələri paylanılmış, sosial videoçarxlar nümayiş etdirilmişdir.






