“Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib
2024-cü il noyabrın 25-dən dekabrın 10-dək beynəlxalq “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının keçirilməsinin təşkili işi Şuşa Rayon Icra Hakimiyyəti tərəfindən uğurla davam etdirilmişdir. “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən hər il noyabrın 25-dən dekabrın 10-dək beynəlxalq “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının keçirilməsinin təşkili ilə əlaqədar Şuşa Humanitar Kollecdə və rayonun ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri və üzvəri, idarə, müəssisə rəhbərləri, Kollecin, ümumtəhsil məktəblərin direktorları, psixoloqlar, səhiyyə işçiləri, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva gender zorakılığı ilə bağlı mövcud vəziyyət, gender zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat vermiş, qadınların öz hüququnu bilməməsi, onların fəallığının artırılması, aztəhsilli və iqtisadi asılılığı olan qadınların daha çox zorakılığa məruz qalması ilə bağlı çıxış edərək, qadınların fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Vüsalə Fətəliyeva rayon icra hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun fəaliyyəti və baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumat vermişdir.
Keçirilən tədbirlərdə əhali arasında məişət zorakılığının qarşısının alınmasına yönəlmiş məlumatlandırma və maarifləndirmə işinin mütəmadi olaraq aparılmasının vacibliyi vurğulanmış, sorğular keçirilmiş, suallar cavablandırılmış, iştirakçılara mövzu üzrə maarifləndirici bukletlər, məlumat vərəqələri paylanılmış, sosial videoçarxlar nümayiş etdirilmişdir.






