Görkəmli şuşalı bəstəkar Süleyman Ələsgərovun əziz xatirəsi yad edildi
22 fevral 2024 | 18:01
Hər bir millətin milli-mənəvi dəyərləri, dili, tarixi, mədəniyyəti o xalqın keçmişini yaşadır. Azərbaycanın dilbər guşəsi Şuşa milli mədəniyyətimizin beşiyi, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərimizin, bir çox məşhur sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin vətənidir. Vətənimiz, doğma Şuşamızın görkəmli şəxsiyyətləri onun tarixinin əbədi olduğunu təsdiqləyir. Şuşanın yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri də bəstəkar, Dövlət mükafatı laureatı, professor, Xalq artisti, 1999-cu ildə “Şöhrət” ordeni ilə təltif edilən, 22 fevral 1924-cü ildə Qarabağımızın tacı, Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərində anadan olan Süleyman Ələsgərovdur. Bu gün bəstəkarın 100 illik yubileyidir. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində alır. Öz istedadı ilə qısa müddətdə musiqi ictimaiyyəti arasında tanınmağa başlayan dahi bəstəkar 1943-cü ildə dahi Üzeyir Hacıbəylinin zəmanəti ilə respublika Bəstəkarlar İttifaqına üzv qəbul olunur. Gənc bəstəkar kimi 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısı onun gələcək yaradıcılıq uğurlarında böyük rol oynayır. Görkəmli bəstəkar 11 operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyalarının, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı alətləri orkestrı üçün konsertlərin, “Yada düşdü”, “Vətənimdir”, “Sərvi Xuramanım mənim”, “Qafqaz”, “Ata”, “Küsmərəm”, “Bilmirəm”, “Neylərəm” kimi sevilən romansların, həmçinin 200-dən artıq mahnının müəllifidir.
22 fevral tarixində Süleyman Ələsgərovun əziz xatirəsi onun dəfn olunduğu Fəxri Xiyabanda ziyarət olundu. Bəstəkarın anım günündə çıxış edən natiqlər - onun doğmaları, görkəmli musiqi xadimləri Süleyman Ələsgərovun geniş diapazonlu yaradıcılığından, peşəkar musiqi kadrlarının hazırlanmasında göstərdiyi böyük xidmətdən, sadə bir insan kimi xeyirxah əməllərindən, onun əsərlərinin Azərbaycan xalq musiqisinin ən yaxşı ən-ənələrini özündə əks etdirməsindən, onunla bağlı xatirələrindən danışdılar. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında şuşalıların Süleyman Ələsgərovun xatirəsini daim əziz tutduqlarını qeyd etdi. Nəvəsi Tahir İmanov Süleyman Ələsgərovun əzizi xatirəsini uca tutan hər bir tədbir iştirakçısına öz təşəkkürünü bildirdi.