Şriftin ölçüsü :

Saytın rəngi :

Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü

31 dekabr 2022 | 17:20
 
Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr verib. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Dünya Azərbaycanlıları harada yaşamalarından asılı olmayaraq məskunlaşdıqları ölkələrdə öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyur, dövlətimizin, xalqımızın həyatında əhəmiyyət daşıyan bütün məsələlərdə həmrəylik nümayiş etdirirlər. 44 günlük Vətən müharibəsi ərəfəsində soydaşlarımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi, posmünaqişə dövründə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni barbarlığının ifşası yönündə görülən tədbirlər dünya azərbaycanlılarının Vətənə, dövlətə bağlılığının baris nümunəsidir. Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur. Heydər Əliyevin Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da keçirilmiş dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Ulu öndərimiz xaricə səfərləri zamanı iş cədvəlinin zənginliyinə və gərginliyinə baxmayaraq mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmış, tövsiyələrini vermişdir. Bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır. Ona görə də harada yaşadığımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir. İndi sürətlə inkişaf edən ölkəmiz bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsəd naminə səfərbər edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib. Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Dünya azərbaycanlılarının həmrəyliyi və tarixi Vətənə bağlılığı şanlı Zəfərin davamı olan Böyük Qayıdışın da uğurla gerçəkləşəcəyinə möhkəm inam yaradır. Xalqımız əmindir ki, işğaldan azad edilmiş yerlərdə aparılan bərpa və quruculuq işləri əzəli torpaqlarımızı yenidən həyata qovuşduraraq Azərbaycanın yüksəlişinə güclü təkan verəcəkdir. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər bir soydaşımıza əmin-amanlıq, xoşbəxtlik və ailə səadəti, doğma Azərbaycanımıza yeni qələbə sevincləri və nurlu gələcək arzulayırıq!
Keçidlər