“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirildi
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 01.08.2023-cü il tarixdə Şuşa Rayon Mərkəzi Kitabxana Sisteminin yerləşdiyi binada Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirildi. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və Mərkəzi Kitabxana Sisteminin məsul əməkdaşları, rayon ziyalıları iştirak edirdi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxana Sisteminin direktoru Gülsarə Abbasova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, respublikamızın hər yerində olduğu kimi, Şuşa rayonu üzrə il ərzində bununla bağlı silsilə tədbirlər keçirildiyini qeyd etdi. Gülsarə Abbasova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində apardığı dövlət siyasətini, Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsini, milli dildə nəşr edilən kitabların tirajlarının artırılmasının ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşımasını xüsusi vurğulayaraq bildirdi ki, 1979-cu ildə Azərbaycanda nəşr edilən 1300 adda 13 milyon 800 min nüsxə kitabın 11 milyon 100 min nüsxəsi ana dilində idi.
Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdirləri Elxan Ələkbərov və Qalib Kazımov, şöbə müdirinin müavini Natiq Mahmudov, baş məsləhətçi Gülbəniz Babayeva, Şuşa Rayon İcra Hakimiyyəti Başçısının Şuşa şəhər üzrə nümayəndəsi Nigar Eyvazova, Mərkəzi Kitabxana sisteminin şöbə müdirləri Tamilla Babışova, Elmira Abdullayeva və digər çıxış edənlər dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində Ümummilli Liderin əvəzsiz rolundan danışaraq, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-nin ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd edilməsini bildirdilər.
Sonda qeyd edildi ki, Ulu Öndərin Azərbaycan dili haqqında dediyi kəlamlar tarixən yaşadılacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Ana dili siyasətini də uğurla davam etdirir, bölgələrdə keçirdiyi görüşlərdə, müxtəlif çıxışlarında həmişə Azərbaycan dilinə, əlifbasına, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşır. Dövlət başçımızın müxtəlif illərdə Ana dilimizin inkişafı və zənginləşdirilməsi istiqamətində imzaladığı sərəncamları Azərbaycan dilinə olan qayğının bariz nümunəsidir. Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir.