Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”

28 mart 2023 | 18:08

Mart ayının 28-də Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP-ın Şuşa rayon Təşkilatının yerləşdiyi inzibati binada Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Konfransda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatı Elman Məmmədov və Aparatın məsul şəxsləri, Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, rayonun  idarə  və  müəssisə rəhbərləri,  ziyalılar, elm xadimləri iştirak edib. 

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ulu öndər H.Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

Şuşa Rayon  İcra Hakimiyyətinin başçısı Bayram Səfərov giriş nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixli Sərəncam imzalamışdır. B.Səfərov qeyd edib ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi bütün həyat və fəaliyyətini ölkəmizin inkişafına, dünya dövlətləri arasında layiqli yer tutmasına həsr etmişdir. Bu gün hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısında tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.  B.Səfərov vurğulayıb ki,  Heydər Əliyevin yeni tarixi dövrdə - 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq dayanırdı. Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etdirilməsi ilə bərabər Ulu öndərin rəhbərliyi dövründə Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olunmuş, əmin-amanlıq, siyasi sabitlik yaranmışdır. Xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilmişdir.  Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının birinci qurultayında azərbaycançılığın mahiyyətini məhz bu cür ifadə etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi, ən mötəbər tədbirlərə ev sahibliyi etməsi, beynəlxalq aləmdə nüfuz qazanması Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Müdrik şəxsiyyətin ideyalarının əzmkar davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasətin tarixi rolundan bəhs edərkən demişdir: “Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir.” Cənab Prezident İlham Əliyev tərəfindən ordunun maddi texniki bazasının möhkəmləndirilməsi, gənclərimizdə vətənpərvərlik və vətəndaşların rifahının yüksəldilməsi sahəsində önəmli sərəncamları və bununla bağlı görülən işlər bizim 44 günlük Vətən müharibəsindəki qələbəmizi şərtləndirib. Azərbaycan xalqı olduqca müzəffər xalqdır. Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz bizə yüz illərlə həsrətində qaldığımız qələbəni yaşatdı və bu qələbə həm də xalqımızı daha da sıx birləşdirib.

Şuşa Rayon  İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ulu Öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 mart – Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunmasını, Azərbaycanın dövlət təhlükəsizliyi orqanında Ümummilli Liderin rəhbər vəzifələr tutduqdan sonra milli kadrların sayının artırılmasını, onların irəli çəkilməsini, eyni zamanda, azərbaycançılıq ruhunda tərbiyə edilməsini diqqətə çatdırıb. Başçı Bayram Səfərov Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışını  və həmin gün Şuşada təşkil edilən möhtəşəm konsertin xalqımızın əhval-ruhiyyəsinə bəxş etdiyi qürurun əhəmiyyətini vurğulayıb.

Konfransda çıxış edən Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən söz açaraq Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.1993-cü ilin iyun ayının 15-də Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Ulu öndərin gəlişi Azərbaycana müstəqillik, suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edildi. Məhz bu prinsiplərin fövqündə milli ideologiyamızın əsası olan azərbaycançılıq formalaşdı. İ.Hüseynova bildirib ki, Ulu Öndər öz çıxışlarının  birində demişdir: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.

Milli Məclisin deputatı Elman Məmmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, YAP-ın Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev,  Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri  Elxan Ələkbərov Ulu Öndərin xalqımızın xilaskarı, müasir, müstəqil Azərbaycan dövlətinin banisi kimi  Azərbaycana rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməlinin qoyulmasından, milli ruhun, azərbaycançılıq məfkurəsinin daha da yüksəlməsini qeyd etdilər. Bildirildi ki, Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvünü vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə edən qürur mənbəyimizdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi.

Ulu öndərin əziz xatirəsi minnətdarlıqla yad edildi.

 

Keçidlər