Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev və Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti

12 dekabr 2023 | 16:10

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının tarixində böyük hadisə olmaqla, yeni bir dövrün başlanğıcı idi. Azərbaycan xalqı milli dövlətçilik ənənələrinə, tarixi və mədəni irsinə söykənərək demokratik və hüquqi dövlət quruculuğu yolunu seçdi. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlayan hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun AZƏRTAC-a təqdim etdiyi “Heydər Əliyev və Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti” sərlövhəli məqaləində yer alıb. Yazını təqdim edirik.

Bu dövrdə Azərbaycan Respublikasının qarşısında onun dövlət müstəqilliyinin tanıdılması və möhkəmləndirilməsi, Ermənistanın əsassız ərazi iddiaları ilə başladığı təcavüzü nəticəsində yaradılmış Qarabağ münaqişəsinin milli maraqlara uyğun həlli və işğal edilmiş ərazilərin azad edilməsi, dövlət quruculuğu, ölkənin inkişafını təmin etmək üçün əlverişli beynəlxalq şəraitin yaradılması kimi mühüm vəzifələr dururdu. Həmin vəzifələri yerinə yetirmək üçün ardıcıl, məqsədyönlü xarici siyasət kursunun hazırlanması və reallaşdırılması tələb olunurdu.

Lakin XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayəsində başlamış Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, eləcə də hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal altına düşdü. Müstəqilliyin bərpa edildiyi ərəfədə və ondan az sonra azərbaycanlılar indiki Ermənistandan - öz tarixi torpaqlarından zorakılıqla, təcavüzə məruz qalaraq deportasiya edilmişdi. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində isə azərbaycanlılar yaşayan məntəqələr bir-birinin ardınca Ermənistan silahlı qüvvələri və terrorçu dəstələri tərəfindən keçmiş sovet hərbi hissələrinin köməyi ilə işğal edilmiş, əhalisi isə öz doğma yurdlarından məcburən köçkün düşmüşdü.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və milli maraqların qorunmasına əsaslanan xarici siyasət tələb edirdi.

1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli maraqlarının və mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Heydər Əliyev özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni siyasi kursu həyata keçirmək üçün hər şeydən əvvəl müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi.

Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri ölkəmizin mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasət olmasıdır: “Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaqdan və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir...Nəyin bahasına olursa-olsun respublikanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq...Bundan sonra görüləsi işlər Azərbaycanın daha geniş tanınmasına şərait yaradacaqdır və respublikamız dünya dövlətləri birliyində öz layiqli yerini tutacaqdır”.

Digər mühüm vəzifələrdən biri də bəzi dövlətlər ilə münasibətlərdə əsassız yaradılmış gərginliyi aradan qaldırmaq, balanslı və milli maraqlara əsaslanan xarici siyasət xəttini təmin etmək, region dövlətlərlə münasibətlərə daha çox diqqət yetirməklə qarşılıqlı əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin qorunmasına nail olmaq idi. Qarşıda duran ən mühüm vəzifələrdən biri də münaqişənin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi şərti ilə ədalətli şəkildə həll olunması üçün böyük dövlətlərin, eləcə də beynəlxalq təşkilatların səylərini gücləndirməyə nail olmaqdan ibarət idi.

Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada, Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Azərbaycanın milli təhlükəsizliyi onun dünya və region dövlətləri, habelə beynəlxalq təşkilatlarla balanslaşdırılmış strateji xətt yeritməsini zərurətə çevirdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının xarici siyasət prioritetlərindən bəhs edərək qeyd edirdi ki, “...Dəyişən dünyamızda Azərbaycanın siyasi missiyası dost və tərəfdaş axtarışına, blok və ittifaqların çoxvariantlılığına yönəlmişdir. Bu, Azərbaycanın dünya dövlətləri ailəsində statusunu, suverenliyini möhkəmləndirəcək, həm də müxtəlif dövlətlərlə yaxınlaşmasına kömək edəcəkdir”.

Ümummilli lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.

Azərbaycanın enerji siyasətinin əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin tikintisinə başlandı. Sonrakı illərdə onların işə salınması nəticəsində Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin etdi, eyni zamanda Avropanın enerji təminatında mühüm rol oynamağa başladı. Həmçinin, enerji diplomatiyası Azərbaycan dövlətinin beynəlxalq mövqelərini möhkəmləndirdi.

Bununla yanaşı, dövlət müstəqilliyinin bərpasından sonra Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi Azərbaycan diplomatiyasının qarşısında duran mühüm və çətin məsələlərdən biri oldu. Bu məsələyə dair Xəzəryanı ölkələrlə Azərbaycanın milli mənafelərinə uyğun olaraq səmərəli danışıqlar aparıldı.

Qeyd etmək lazımdır ki, SSRİ-nin mövcudluğu dövründə Xəzər dənizi İranın və Sovet İttifaqının nəzarəti altında idi. Ötən müddət ərzində SSRİ və İran Xəzər dənizinə dair siyasətlərini 1921 və 1940-cı illərdə imzalanmış müqavilələrə uyğun olaraq qurmuşdular. Lakin İran bu dövrdə Xəzər dənizinə az maraq göstərirdi. Xəzər əslində “sovet gölünə” çevrilmişdi. Xəzər dənizində üçüncü dövlətin gəmiləri ola bilməzdi. Sonrakı illərdə İran bu vəziyyətin dəyişdirilməsinə müəyyən cəhdlər etsə də, heç bir nəticə əldə edə bilmədi. Beləliklə, SSRİ dağılana qədər Xəzər dənizinin hüquqi statusu məsələsi ikitərəfli münasibətlərdə müzakirə mövzusu olmadı.

SSRİ-nin dağılması nəticəsində Xəzər dənizi ətrafında yeni müstəqil dövlətlərin - Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiyanın meydana gəlməsi ilə regionda tamamilə yeni geosiyasi şərait yarandı. Hələ sovet dövründə Xəzər dənizində ciddi siyasi, iqtisadi, ekoloji və digər xarakterli problemlər mövcud idi. SSRİ-nin dağılması ilə həmin problemlər daha da kəskinləşdi. Xəzər dənizinin zəngin təbii, ilk növbədə enerji ehtiyatlarının mövcudluğunun təsiri altında vəziyyət tamamilə dəyişdi.

Xəzəryanı dövlətlərdən hər biri öz maraq və mənfəətlərini əsas götürərək mövqelərini əsaslandırmağa başladılar. Nəticədə, Xəzər dənizi hövzəsi geosiyasi, geoiqtisadi və geostrateji maraqların toqquşduğu meydana çevrildi. Bu isə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsini gündəliyə gətirdi və sahilyanı ölkələr arasında gərgin diplomatik müzakirələr aparıldı. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsini bir sıra amillər zəruri edirdi. Birincisi, artıq qeyd edildiyi kimi, SSRİ dağıldıqdan sonra regionda tamamilə yeni geosiyasi vəziyyət yaranmışdı. İkincisi, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi yalnız region dövlətlərinin inkişafı, dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi deyil, eyni zamanda onun biomüxtəlifliyinin, flora və fauna zənginliyinin qorunub saxlanılması, ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından vacib idi. Nəhayət, Xəzər dənizi yerləşdiyi geosiyasi mövqeyi baxımından bütövlükdə region üçün xüsusi strateji əhəmiyyət kəsb edirdi.

Qeyd etmək lazımdır ki, 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərindən biridir.

İlk növbədə Avropa ilə Asiyanın qovuşağında çox mühüm və geosiyasi bir ərazidə yerləşən və müstəqilliyini bərpa etmiş Azərbaycanın qonşu dövlətlərlə - Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistan ilə münasibətlərinin inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri oldu. Həmin ölkələrlə münasibətlərdə başlıca məqsəd mehriban qonşuluq və qarşılıqlı əməkdaşlığa əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələr qurmaq idi.

Bununla yanaşı, Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa ölkələri ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi idi. Bu baxımdan xarici siyasətin başlıca məqsədi Azərbaycanı müstəqil dövlət kimi tanıtmaq, beynəlxalq mövqelərini möhkəmləndirmək qarşıya məqsəd kimi qoyulmuşdu. Bu dövrdə, yalnız ikitərəfli deyil, çoxtərəfli əsasda da fəal xarici siyasət yürüdülərək Azərbaycanın beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində özünəməxsus yer tutmsı üçün bir sıra mühüm addımlar atıldı.

Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri beynəlxalq təşkilatlara hərtərəfli əməkdaşlıq etməkdir. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla əməkdaşlığı bütövlükdə ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür.

Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir.

Ümummilli Lider Heydər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Bu baxımdan 1994-cü il mayın 4-də Prezident Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu.

Bununla yanaşı, Heydər Əliyevin Azərbaycan Prezidenti kimi BMT Baş Məclisinin sessiyalarında və digər yüksək səviyyədə keçirilən müxtəlif iclaslarda və çoxsaylı görüşlərdə bu əlaqələr inkişaf etdirildi. Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə ümummilli lider 1994-cü il sentyabrın 29-da BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır. 1995-ci il oktyabrın 22-də BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən Baş Məclisinin xüsusi təntənəli iclasında çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı təcili tədbirlərin görülməsi və beynəlxalq səylərin artırılmasına çağırmışdır.

2000-ci ilin sentyabr ayında BMT-nin Minilliyin sammitində çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında əsas missiyanı öz üzərinə götürmüş bu beynəlxalq təşkilatın kürsüsündən Azərbaycanın mövqeyini bir daha dünyaya bəyan etmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.

1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüquqi baza rolunu oynayır. Hazırda Azərbaycan Respublikası ümumavropa sisteminə inteqrasiya olunmaqla yanaşı, qitənin təhlükəsizlik arxitekturasına öz töhfəsini verərək Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında da çox mühüm rol oynamaqdadır.

Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikamız üçün həlledici illər olmuşdur. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməsi səmərəli əməkdaşlığımız ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir. Həmin dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.

Qeyd etmək lazımdır ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırım bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və dünyada geniş əks-səda doğurmuşdur.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Bununla yanaşı, Ümummilli Liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni millətçiliyinin və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 20 il ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilir. Nəticədə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.

Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 gün ərzində reallığa çevrildi.

İkinci Qarabağ müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük İkinci Qarabağ müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi.

2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.

Beləliklə, üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.

Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və İkinci Qarabağ müharibəsində tarixi Qələbənin əsası qoyuldu.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Nəticədə, İkinci Qarabağ müharibəsi son yuz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qururla dalğalanır.

Hazırda, Azərbaycanın qlobal miqyasda qazandığı uğurlar və tarixi nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan vermiş, xüsusilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.

Bütün bunlar onu deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursu Prezident İlham Əliyevin çox uğurla davam və inkişaf etdirməsi, eləcə də dinamik, çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmişdir.

 

Keçidlər