Hüquq sahəsində aparılan islahatlara dəstək gücləndirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsinin 3.1.10-cu və 3.1.11-ci yarımbəndlərinə uyğun olaraq, Şuşa Rayon İcra Hakimiyyəti hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarının normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlərə cəlb edilməsi üçün zəruri tədbirlər görür. Normayaratma sahəsində maarifləndirmə işinin aparılması, hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyəti məlumatlandırmaq üçün hüquq normalarının tətbiqi sahəsində dövlət orqanları əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi məqsədilə təlimlərin keçirilməsinin əhəmiyyəti olduqca vacibdir.Hüquq sahəsi ölkəmizdə hər zaman diqqət mərkəzindədir.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər zaman insan hüquqlarının qorunmasına xüsusi önəm verirlər.
Təcrübə göstərir ki, cəmiyyət həyatının istənilən sahəsində inkişafın fəaliyyət dinamizminin və ahəngdarlığının təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə respublikamızın nail olduğu və daim yüksələn xətlə artan inkişaf göstəriciləri aparılmış islahatların labüdlüyünün və uğurlu nəticəsinin ən gözəl nümunələri kimi beynəlxalq səviyyədə təqdir olunur. Belə ki, siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olmuşdur.
Prezident İlham Əliyevin and içərək yeni müddətə öz səlahiyyətlərinin icrasına başlamasından beş il ötür. 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində möhtərəm Prezident İlham Əliyev hər bir sahə üzrə konkret proqram və planların olduğunu, qarşıdakı dövrdə islahatların dərinləşəcəyini bəyan etdi. Bəli, geridə qoyduğumuz beş il cənab Prezidentin elan etdiyi prioritetlərin sürətlə reallaşması, ölkədə islahatların yeni mərhələyə qədəm qoyması və indiyədək qazanılan uğurların miqyasının daha da genişlənməsi ilə əlamətdardır.
Azərbaycanın tarixdə heç vaxt indiki qədər güclü olmadığını bəyan edən Prezident İlham Əliyev islahatların daha da dərinləşəcəyini, o cümlədən məhkəmə-hüquq sistemində islahatların keçiriləcəyini bildirdi: “İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”. Beləliklə, Prezident İlham Əliyevin “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 19 may 2022-ci il tarixli Fərmanı ilə yeni islahatların sırasına biri də əlavə olundu. Fərmanda qeyd olunduğu kimi beynəlxalq təcrübə nəzərə alınmaqla hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsi, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır ki, bu və digər həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və daha da dərinləşdirilməsini zəruri edir.
Göründüyü kimi cənab Prezident respublikamızın daha da inkişafı naminə islahatların əsas aparıcı sahələrdə kompleks şəkildə həyata keçirilməsini və bir-birini tamamlamasını zəruri hesab edir. Ötən illər ayrı-ayrı sahələrdə həyata keçirilən köklü islahatlarla əlamətdardır. Qarşıya qoyulan hədəflərə daha sürətlə çatmaq və sanballı nəticələr əldə etmək üçün isə digər sahələr kimi ölkənin hüquq sistemininin də müasir çağırışlara adekvat cavab verməsi vacibdir. Çünki məhz təkmil və şəffaf hüquq sistemi cəmiyyətdə sosial harmoniyanın, hüquqi bərabərliyin və vətəndaş məmnunluğunun təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan məhkəmə-hüquq sisteminə cəmiyyətdə ən yüksək etimad formalaşmalı, hər bir vətəndaş ədalət mühakiməsinin məhz ədaləti təmin edəcəyinə tam əmin olmalıdır.
Müstəqillik tariximizə nəzər salsaq görərik ki, həyata keçirilən hüquqi islahatlar hər bir mərhələdə dövrün nəbzini tutmaqla bu vəzifələri uğurla yerinə yetirmişdir. Müstəqillik illərində Azərbaycanda hüquqi islahatların keçirilməsinin vacibliyi 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda öz əksini tapmışdı. Lakin müstəqilliyimizin ilk illərində bu istiqamətdə praktiki olaraq heç bir addım atılmadı, yeni dövrün çağırışlarına cavab verən hüquq sisteminin formalaşdırılmasına təşəbbüs göstərilmədi. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi ölkənin hüquq sistemində də müasir çağırışlara uyğunlaşmanın əsasını qoydu. Bu baxımdan müstəqil, müasir Azərbaycanda hüquq sisteminin formalaşdırılmasının və inkişafının banisi ümummilli lider Heydər Əliyevdir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində respublikamızda qanunun aliliyi təmin edilməklə, ədalət mühakiməsinin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, 2003-cü ildən ötən dövrdə Prezident İlham Əliyevin dövrün nəbzini tutmaqla reallaşdırdığı yeni islahatlar hüquq sistemindən də yan ötməmiş, bu sahədə yeni keyfiyyət dəyişikliklərinə yol açmışdır.
Bütövlükdə, hüquqi islahatların dərinləşdirilməsini çərçivəsində imzalanan bu fərman normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsini,həmçinin məhkəmə-hüquq sisteminin daha da inkişafını, fəaliyyətin müasir standartlar səviyyəsinə çatdırılmasını təmin edəcək və bu sahədə ən demokratik ənənələrin bərqərar olması baxımından mühüm addımdır.