Şriftin ölçüsü :

Saytın rəngi :

II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şuşa şəhər sakini Allahverdiyev Allahverdi Əli oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi üçün şəhidin ailəsinin yaşadığı Xəzər rayonu, Şağan -1 qəsəbəsində bulaq inşa edilmişdir

27 sentyabr 2022 | 15:00
II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şuşa şəhər sakini Allahverdiyev Allahverdi Əli oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi üçün şəhidin ailəsinin yaşadığı Xəzər rayonu, Şağan -1 qəsəbəsində bulaq inşa edilmişdir. 28 sentyabr 2022 -ci il tarixdə bulağın açılışı olmuşdur. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xəzər Rayon İcra Hakimiyyətinin başçisi Elşən Salahov, Rayon İcra Hakimiyyətlərinin məsul işçiləri, YAP Şuşa rayon təşkilatının sədri, ziyalılar, vətən müharibəsi qazilərinin iştirak etdiyi tədbirdə çıxış edənlər 44 günlük Zəfər yürüşündən və şanlı Qələbədən söhbət açıblar. Bildirilib ki, şəhidlərimizin qəhrəmanlıq yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun düşmən üzərində parlaq Qələbəsi Azərbaycanın tarixinin ən şanlı səhifəsini təşkil edir. Haqq savaşı uğrunda canlarını fəda edən şəhidlərimizin bu şanlı tarixdə əbədi xatirələrinin olduğu diqqətə çatdırılıb. İgid şəhidimiz Allahverdiyev Allahverdinin döyüş yolundan danışıldı, respublikamızın ərazi bütövlüyü uğrunda canından keçərək Şanlı tariximizi qanları ilə yazan şəhidlərimizin xatirəsinin daim dövlətimiz, xalqımız tərəfindən əziz tutularaq yad edildiyini, şəhid ailələrinin və qazilərin dövlətimizin diqqət mərkəzində olduğu qeyd edildi. Şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlik ruhunda şerlər səsləndirdilər. Daha sonra şəhidin əziz xatirəsi məzarı önündə anıldı, məzarı önünə tər qərənfillər düzüldü, ruhuna dualar oxundu.
Şəhidimiz - Allahverdi Allahverdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində baş atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Allahverdi Allahverdiyev 27 sentyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Qəhrəmanlar heç vaxt unudulmur. Qədirbilən xalqımız belə qəhrəmanları həmişə qəlbində yaşadır, əbədi bir xatirə kimi yad edir.Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər