İş yerlərində fiziki aktivliyin təmin edilməsi mövzusunda tədbir keçirildi
Şuşa Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə,müəssisələrdə fiziki aktivliyin əhəmiyyəti haqqında mütəmadi olaraq tədbirlər keçirilir, idarə və müəssisələrin rəhbərliyi tərəfindən iş saatları arası idman hərəkətlərindən istifadəyə geniş yer verilməsi, “Fiziki aktivlik”, “Sağlam qidalanma”,"Gigiyena qaydaları" mövzularında dəyirmi masalar təşkil edilir. Növbəti belə tədbir Şuşa Rayon Mərkəzi Kitabxanasında keçirildi. Tədbirdə diqqətə çatdırılıb ki, həyat tərzi insanın şəxsi təcrübəsinə, adət-ənənələrə, cəmiyyətdə normalara əsaslanan davranış sistemidir. Sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə gündəlik iş rejiminin, səmərəli qidalanmanın, idmanla məşğul olmağın, xoş və qarşılıqlı ünsiyyətin böyük təsiri var. Sağlam həyat tərzinin formalaşmasında önəmli rol oynayan amillər rəqəmsal mediada, o cümlədən sosial şəbəkələrdə istifadəçilər tərəfindən geniş təbliğ olunmalıdır. İş yerlərində fiziki aktivlik mövzusuna daha həssas yanaşmanın və sağlam həyat tərzinə üstünlük verməyin görülən işin daha da məsuldar olmasına gətirib çıxardığı diqqətə çatdırıldı.