İyunun 12-də Şuşa Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan partiyası Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə Şuşa rayon 7 nömrəli tam orta məktəbdə 15-iyun "Milli Qurtuluş Günü"nə həsr olunmuş “Heydər Əliyev-xalqın xilaskarı” mövzusunda “dəyirmi masa” keçirilib
15 iyun 2023 | 16:32
İyunun 12-də Şuşa Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan partiyası Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə Şuşa rayon 7 nömrəli tam orta məktəbdə 15-iyun "Milli Qurtuluş Günü"nə həsr olunmuş “Heydər Əliyev-xalqın xilaskarı” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatlarını itirmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”nı açan Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının 4 nömrəli ərazi partiya təşkilatının sədri Elçin Dadaşov Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan,ölkəmizin dünyada yerinin və rolunun möhkəmlənməsindən danışıb. Bildirib ki, xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi.
YAP Şuşa rayon təşkilatın əməkdaşı Elmir Rzayev çıxış edərək Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən dövrün tələbinə uyğun olaraq daha da zənginləşdirildiyini bildirib. Qeyd edib ki, Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.
Sonra “dəyirmi masa”da çıxış edənlər görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıblar. Bugünkü güclü, qüdrətli Azərbaycanın Ulu öndərin şah əsəri olduğu bildirilib.