Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və suverenlik ili” çərçivəsində 8 Noyabr-Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Əbədi Zəfərim” adlı rayon tədbir keçirilmişdir

07 noyabr 2025 | 17:43

07 noyabr 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Konstitusiya və suverenlik ili” çərçivəsində 8 Noyabr-Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Əbədi Zəfərim” adlı tədbir keçirilmişdir.
Tədbirdə, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Yap Şuşa rayon təşkilatının sədri, qazilər, şəhid ailələri, müharibə veteranları, idarə, müəssisə rəhbərləri, ziyalılar və Şuşa rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan, şəhid qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında Üzeyir Hacıbəyovun “Koroğlu” operasından uvertüra səsləndirilmiş, 44 günlük Qələbəyə həsr edilən video çarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Vətən müharibəsində əldə edilən Şanlı Qələbənin 5-ci ildönümü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edərək xalqımıza yaşatdıqları Qələbəyə görə Müzəffər Ordumuza, qəhrəman əsgər və zabitlərimizə, mərd və qorxmaz, hər zaman sözünün sahibi olan cənab Prezidentimizə öz təşəkkürünü bildirmiş, şəhidlərimizə Allahdan rəhmət diləyərək əyilməz iradəli, torpaq və ləyaqət uğrunda ölümə gedən övladlar böyütmüş ana və atalar qarşısında baş əymişdir. Bayram Səfərov çıxışında sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirdi, Vətən müharibəsində Azərbaycan xalqının öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini qeyd etdi.
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları - Azərbaycan Respublikasının xalq artisti – Şükufə Musayevanın, Azərbaycan Respublikasının əməkdar artistləri – Teymur Məmmədov və Nazir Rüstəmov vətənpərvərlik ruhunda, şanlı qələbəmizə həsr edilmiş şerlər səsləndirdilər.
Sonra tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İradə xanım Hüseynova çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun cəbhədə misilsiz şücaət göstərərək, əzəli torpaqlarını işğaldan azad etdiyini bildirdi. Xalqımızın milli qürur tarixi olan 8 Noyabr - Zəfər Gününün müasir tariximizdə müstəsna əhəmiyyətindən danışdı, beş il əvvəl Azərbaycanın torpaqlarını işğaldan azad etməklə təkcə özünün ərazi bütövlüyünü deyil, həmçinin tarixi ədaləti bərpa etdiyini, beynəlxalq hüququn norma və prinsiplərini yerinə yetirdiyini diqqətə çatdırdı.
Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədovanın ifasında “Zəfər nəğməsi” adlı mahnı səsləndirildi.
44 günlük Vətən müharibəsinin iştirakçısı, N saylı hərbi hissənin polkovniki Səbuhi Abdullayev, Vətən müharibəsində şəhid olan İsrafil İbrahimovun atası Zülfüqar İbrahimov və şuşalı jurnalist, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı – Kəmalə Cahidqızı çıxışlarında qeyd etdilər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, cəsarətli qərarları və xalqımızın birliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı nəticəsində torpaqlarımızın işğaldan azad olunması sadəcə hərbi qələbə deyildi, həm də milli ruhun, ədalətin, tarixi haqqımızın bərpası idi. Vətən müharibəsində qazanılan şanlı Qələbənin zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməsi olduğunu vurğuladılar.
Sonra Şuşa Humanitar Kollecin müəllim və tələbələrinin Zəfər gününə həsr edilmiş “Azərbaycan bayrağı” mahnısı, “Çırpınırdı Qara dəniz”, “İncə bellim” kompazisiyaları, “Orta Şəşəngi” aşıq havası, “Xudayar təsnifi”, “Azərbaycan oğluyam”, “Qarabağ” təsnifi böyük məharətlə ifa edildi və tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbirin sonunda “Buta rəqs qrupu”un - “Cəngi” rəqsi, Şuşa Mədəniyyət evinin bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Orxan Mövlan və bəstəkar Saleh Nəzərov ifasında “Zəfər Marşı”, Vətən müharibəsinin qazisi Xəzər Abdullayevin qızı Dəniz Abdullayevanın ifasında “Yaşa Azərbaycan“ adlı mahnı təqdim olundu və tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.

Keçidlər