Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və suverenlik ili” çərçivəsində "Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” mövzusunda tədbir keçirilmişdir

01 avqust 2025 | 16:31
“Konstitusiya və Suverenlik ili” çərçivəsində Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayon sektorunun əməkdaşları iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Natiq Mahmudov bildirmişdir ki, dil millətin mənəvi simasını səciyyələndirən ən mühüm amillərdəndir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi də millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və onu qorumaq qüdrətinin, eyni zamanda, ədəbi dilinin zənginliyinin təsdiqidir. Azərbaycan dili həm də xalqımızın varlığının əsas təminatçısı, milli varlığını müəyyənləşdirən mühüm atributlardandır - dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Natiq Mahmudov dili ilk növbədə onun daşıyıcısı olan xalqın yaşatdığını bildirərək, Azərbaycan dilinin tarixi inkişaf yolundan və keçdiyi keşməkeşli dövrlərdən bəhs etmişdir. Ümummilli Liderin dövlət dili uğrunda ardıcıl mübarizə apardığını, ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb etdiyini və beləliklə bütün qüvvələri bu amal uğruna səfərbər etdiyini bildirmişdir.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhəçisi Ülviyyə Bağırova çıxışında vurğulamışdır ki, “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” milli varlığımızın qorunması və gələcəyə daşıması baxımından strateji əhəmiyyət daşıyan bir gündür. Bu tarix Azərbaycan xalqının ana dilinə verdiyi dəyərin, dil uğrunda göstərilən fədakarlığın rəmzidir. Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Fərmanla 1 Avqust tarixi dövlət səviyyəsində rəsmiləşdirilmişdir. Latın qrafikasına keçid sadəcə texniki dəyişiklik deyil, milli özümüzə dönüş idi.
Sonra çıxış edən Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Nigar Eyvazova qeyd etmişdir ki, Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvətdir, Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.
Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
Keçidlər