Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və suverenlik ili” çərçivəsində "Milli Qurtuluş Günü"nə həsr olunmuş “Heydər Əliyev Ürəklərdə əbədi yaşayan dahi şəxsiyyətdir” mövzusunda dəyirmi masa keçirilmişdir

12 iyun 2025 | 16:31
12.06.2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa rayon 7 saylı tam orta məktəbdə “15 iyun - Milli Qurtuluş günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, məktəbin direktoru Elçin Dadaşov, Rayon İcra Hakimiyyətinin və Yap Şuşa Rayon təşkilatının məsul işçiləri, idarə, müəssisə rəhbərləri, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.
Dövlət himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı Ulu Öndərin həyatı və yorulmaz fəaliyyətindən, eləcə də tədbir iştirakçılarına təsirli anlar yaşadan illər öncə Ümummilli Liderin sarsılmaz inamla söylədiyi fikirlərinin əks olunduğu videoçarx nümayiş olunmuşdur. Konfransı giriş nitqi ilə açan Şuşa rayon 7 saylı tam orta məktəbin direktoru Elçin Dadaşov qeyd etmişdir ki, “15 iyun – Milli Qurtuluş günü” Milli dövlətçilik tariximizdə olduqca əlahiddə əhəmiyyət daşıyır. 32 il öncə geçəkləşən bu tarixi məqam xaosdan tərəqqiyə keçidin təməlini təşkil etməklə yanaşı, mövcudluğunun ən qüdrətli dövrünü yaşayan Müstəqil Azərbaycan Respublikasının bütün uğurlarının, əldə etdiyi nailiyyətlərin zəminidir. 1993-cü ilin ağrı-acılı iyun günlərində vətəndaş qarşıdurmasının, Azərbaycan dövlət müstəqilliyinin itirilməsinin və parçalanmasının qarşısının alınması məhz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyununda xalqın təkidi ilə Ulu Öndər yenidən hakimiyyətə gəlməsəydi, bugüngü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki mümkün olacaqdı. Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxışında bildirmişdir ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan insanlar üçün əsl qurtuluş və Azərbaycan xalqı üçün şərəfli bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyində müstəsna rol oynayan, daim xalqına arxalanan, xalqa arxa olan Ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Tədbirdə çıxış edənlər hər biri çıxışında qeyd etmişdir ki, bu gün Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində müstəqil Azərbaycan daha möhtəşəm gəlcəyə doğru inamla addımlayır. Dövlət müstəqilliyimizin 32-ci ildönümünü möhtəşəm nailiyyətlər, böyük uğurlarla qeyd edən Azərbaycan yalnız müstəqilliyinin bərpasının deyil, ümumiyyətlə tarixinin, ən qüdrətli dövrünü yaşamaqla bərabər, həm də ən möhtəşəm zəfərinə müəlliflik edir. Bu zəfərin memarı, böyük nailiyyətlərin səbəbkarı isə cənab İlham Əliyevdir. Əgər Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın memarıdırsa, Pezident İlham Əliyev Qarabağı bizə qaytaran və onu yenidən gülüstana döndərəcək qətiyyətli Lider kimi tarixdə əbədi qalacaq.
Sonda məktəbin şagirdləri Ulu öndər Heydər Əliyevə həsr olunmuş şer nümunələri ilə çıxış etmişdir.
Keçidlər