Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və suverenlik ili” çərçivəsində Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” adlı konfrans keçirilmişdir

14 iyul 2025 | 16:25
“Konstitusiya və suverenlik ili” çərçivəsində Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” adlı konfrans keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən 56 il ötür. Bu 56 ilin ölkəmizin inkişafında, beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində rolu ilə bağlı kifayət qədər geniş danışmaq olar. Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ittifaq dövləti daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazılmışdır. 56 il əvvəl başlanan həmin yol Ulu Öndərin xalq işinə sədaqəti, milli maraqları hər şeydən üstün tutması ilə Azərbaycanı yaxınlaşmaqda olan dövlət müstəqilliyinə hazırlamışdır. O öz vətənini, millətini ürəkdən sevən bir Şəxsiyyət, Lider kimi bütün bu dövr ərzində Azərbaycanın taleyüklü məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və təlatümlü sınaqlarından çıxarmış, müasir müstəqil Azərbaycan dövlətinin, onun xoşbəxt gələcəyinin bünövrəsini qoymuşdur. Həmin illər ərzində Azərbaycanın sosial-iqtisadi həyatının dirçəlişi, milli-mənəvi və mədəni dəyərlərinin inkişaf etdirilərək dünya ictimayyətinə çatdırılması məhz Onun titanik fəaliyyətinin nəticəsidir. Öz şüurlu həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyevin öz vətəni, xalqı qarşısındakı əvəzsiz xidmətləri haqqında yüzlərlə kitablar yazılsa da, bu, yenə də azdır. Respublikanın ümumi həyatında davamlı inkişafa nail olmaq üçün təhsilin, elmin, səhiyyənin hərtərəfli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər planı həyata keçirilirdi. Keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq üçün hər il 800-dən çox Azərbaycan məktəblərini bitirmiş məzun həmin universitetlərdə ali təhsil almaq üçün göndərilirdi ki, onların əksəriyyəti azərbaycanlılar idi. Heydər Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış bu addımları ölkənin elmi və kadr potensialının artmasına, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etməklə Azərbaycan haqqında müsbət təsəvvürlərin formalaşmasına və bu gün keçmiş İttifaq məkanında Azərbaycan diasporunun yaranmasına səbəb olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin məzunları bu gün ordumuzun ən layiqli hərbi komandirləri kimi ordu sıralarında xidmət edirlər. Xalqın milli dirçəlişi və milli özünüdərki məsələsində Azərbaycan dilinə böyük əhəmiyyət verən Heydər Əliyevin qayğısı sayəsində uzun illərdən bəri ana dilimizə olan soyuq münasibətə son qoyulmuşdur. Məhz Onun təşəbbüsünün nəticəsi olaraq Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. 1993-cü ildə o, milli xilaskar kimi dövlətçiliyimizin taleyinin həll olunduğu çətin bir vaxtda tarixi qayıdışı ilə müstəqil Azərbaycan dövlətini məhv olmaqdan qurtardı. Ulu Öndər nəinki Azərbaycanın bütövlüyünü qoruyub saxladı, həm də ölkəni sabit inkişaf yoluna çıxardı. İnkişafımızın konsepsiyasını, strategiyasını işləyib hazırladı. Bu yolda ən uğurlu addımlardan biri "Əsrin müqaviləsi" oldu. 1994-cü ildə imzalanmış bu müqavilə görkəmli siyasətçi kimi Heydər Əliyevin uzaqgörən neft strategiyasının məhsulu idi. "Əsrin müqaviləsi"ndən sonra dünya ölkələrinin Azərbaycan iqtisadiyyatına marağı artdı. 1995-ci ildə müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Demokratik şəraitdə prezident, parlament, bələdiyyə seçkiləri keçirildi. Bazar iqtisadiyyatı mexanizmi ön plana çəkildi, mühüm dövlət proqramları qəbul edildi, bütün sahələrlə bağlı qanunvericilik bazası hazırlandı. Bu gün hər bir Azərbaycan vətəndaşı Ulu Öndər Heydər Əliyevi xatırlayır və iftixarla deyir ki, bəli, ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarı qəlbimizdə daim yaşayır və əziz tutulur. Təqdirəlayiq haldır ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Və bu gün siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə qazanılan bütün nailiyyətlərin qayəsi böyük siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də Azərbaycana rəhbər seçildiyi vaxtdan başlayıb. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə daim yaşayacaqdır.
Konfransda çıxış edənlərin hər biri öz çıxışlarında dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində Ümummilli Liderin əvəzsiz rolundan danışmış, ölkəmizin müstəqilliyi və bugünkü möhkəm təməlinin Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslandığını bildirdilər.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Keçidlər