Şriftin ölçüsü :

Saytın rəngi :

May ayının 10-u xalqımız üçün əlamətdar gündür

09 may 2023 | 17:53
Bu il xalqımız Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük fərəh və minnətdarlıq hissilə qeyd edir. Xalqımız üçün may ayının 10-u əlamətdar gündür. Həmin gün biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu Əliyev məhz bu gün - mayın 10-da anadan olmuşdur.
Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır.
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur.
Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur.
Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir hünər dastanı yazılır, şəhər və kəndlərimiz dirçəlir. Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı tikinti, inşaat, quruculuq meydanına çevrilib və “Böyük Qayıdış” proqramının gerçəkləşməsi ilə bu torpaqlarda həyat yenidən canlanmağa başlayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu torpaqlardakı dini, tarixi abidələrimizin, mədəniyyət incilərimizin bərpası və yenidən qurulması sahəsində böyük layihələr həyata keçirir.
Dahi rəhbər Ulu Öndərin ideyaları bu gün Azərbaycan xalqını yaşadan və daim irəliyə aparan, onun gələcəyini müəyyənləşdirən ideyalardır. Heydər Əliyevin bütün həyatı Azərbaycanın əbədi müstəqilliyinə, qüdrətli dövlətçiliyinə və davamlı inkişafına həsr olunub. Nə qədər ki, qədirbilən xalqımız, Azərbaycan xalqı var, Heydər Əliyev də daim bizimlə birlikdə, sevilərək yaşayacaq, onun ideyaları isə doğma xalqımızı daha böyük inkişafa, yüksəlişə, qələbələrə qovuşduracaq.
Keçidlər