Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirildi

06 dekabr 2023 | 17:01

Son illər ölkəmizdə ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, qadın və uşaqlar üçün əlverişli şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil, sosial və digər sahələrdə gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. Xarici ölkələrlə və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin qurulması, qadın hüquqları və gender bərabərliyi sahəsində keçirilən beynəlxalq əhəmiyyətli konfranslarda iştirak, eyni zamanda, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi öz nəticələrini verməkdədir. Dekabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransının Bakıda keçirilməsi dövlətimizin bu sahədə atdığı növbəti uğurlu addımlardan biri oldu.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Vladanka Andreeva və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca isə məişət zorakılığı ilə mübarizəyə dair videoçarx nümayiş etdirilib.
Salamlama nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasından danışıb.
Komitə sədri aparılan genişmiqyaslı məlumatlandırıcı və maarifləndirici tədbirlərin məişət zorakılığı hallarının daha çox aşkar edilməsinə təkan verdiyini vurğulayıb.
Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev valideynlər arasında olan konfliktin uşaqlara birbaşa təsirindən və ailədə baş verən zorakılığın cəmiyyətdə özünü büruzə verməsindən danışıb. Nazir əlavə edib ki, məişət zorakılığının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər olduqca vacibdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında vurğulayıb ki, Azərbaycanda 100-ü uşaq olmaqla 154 nəfər zorakılığa məruz qalan şəxsə sosial xidmət göstərilib.

Daha sonra digər qonaqlar çıxış edərək məişət zorakılığı ilə mübarizə istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, ailədaxili münaqişələr uşaqların vətəndaş və şəxsiyyət kimi formalaşmasına əsaslı mənfi təsirlər göstərir, zorakılıq hallarının cəzasız qalmasının bu kimi hadisələrin yenidən təkrarlanmasına, problemin dövriliyinin yaranmasına, eləcə də həllinin daha da mürəkkəbləşməsinə səbəb olur. Əlavə edilib ki, qadın və qızların, ümumilikdə cəmiyyətin bütün üzvlərinin təhsilli olması, öz hüquqlarını bilməsi, ailə dəyərlərinin gücləndirilməsi bu problemlərlə mübarizəyə mühüm töhfələr verə bilər. 


Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin moderatorluğu ilə baş tutan 1-ci paneldə “Zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxış imkanları” mövzusu üzrə panel müzakirələri edilib.
Sessiyada Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzovun, Sumqayıt Şəhər məhkəməsinin hakimi Zaur Hacıyevin, BMT-nin Əhali Fondunun Türkiyə üzrə nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Mariam A.Khanın, Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rəfail Süleymanovun, Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Şəfa Camalzadənin mövzu ətrafında çıxışları dinlənilib.
Müzakirələr zamanı məişət zorakılığına dair problemlərin cinayət hüquqi aspektləri, zorakılığa məruz qalmış şəxslərin cinayət təqibini həyata keçirən orqanlarda müraciətlərinə baxılması qaydası, həmçinin aidiyyəti üzrə orqanların fəaliyyətinin koordinasiyalı şəkildə həyata keçirilməsindən danışılıb.
Növbəti panel sessiyada “Məişət zorakılığı hallarının profilaktikası və aşkarlanması’’ndan bəhs edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın moderatorluğu ilə keçirilən 2-ci panel sessiyada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva, Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini polis mayoru İmran Əliyev, Minsk şəhəri İcraiyyə Komitəsinin Əmək, Məşğulluq və Sosial Müdafiə Komitəsinin sədr müavini, Olqa Vasilevskaya Belarus Respublikası Minsk şəhər Ailə və Uşaq Mərkəzi dövlət müəssisəsinin direktoru Olqa Nikolaevna Druhal, Elm və Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova mövzu üzrə onlara ünvanlanmış sualları cavablandırıblar.
Məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırılmaqla tətbiq olunması, məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi, bu istiqamətdə səmərəli cavab mexanizmlərinin yaradılması ilə bağlı qanunvericiliyin və icra mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
ADA Universiteti Kommunikasiya və Rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluq etdiyi son panelin mövzusu ’’Məişət zorakılığında medianın rolu’’ olub.
Paneldə Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Hilal Abbasov, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli, Sosial tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə çıxış edərək məişət zorakılığının bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da cəmiyyətin həssas problemlərindən olduğunu qeyd edib, mətbuatda məişət zorakılığı ilə bağlı peşəkar jurnalist yanaşmasının və mövzunun düzgün şəkildə işıqlandırılmasının, xüsusilə media savadlılığının əhəmiyyətindən danışıblar.
Çıxışçılar qabaqlayıcı tədbirlərin görülməsi üçün cəmiyyətdə geniş maarifləndirmə işinin aparılması və gender əsaslı zorakılıq barədə məlumatlılığın artırılması istiqamətində medianın rolunun vacibliyini vurğulayaraq, ictimai dəstək mexanizmlərinin təkmilləşdirilməsində və problemin cəmiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər.
Müzakirələrdən sonra “Ağ-qara” video filmi nümayiş olunub.
Daha sonra yekun nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransın uğurla başa vurulması münasibətilə iştirakçıları təbrik edərək, iki gün ərzində vacib məsələlərə həsr edilmiş panellər üzrə keçirilən müzakirələrin faydalı və səmərəli olduğunu vurğulayıb.
Qeyd edib ki, qarşıdakı dövr üçün mövcud vəziyyəti dəyərləndirərək bugünə qədər keçilən yolu və məişət zorakılığı ilə mübarizəyə dair Fəaliyyət Planının nəticələri üzərindən çıxış edərək demək olar ki, perspektivə yönələn hədəflərə daha ciddi şəkildə nəzər yetirməli, onu prioritetləşdirməliyik.
O bildirib ki, sessiyalar çərçivəsində zorakılığın qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin genişləndirilməsi, baş vermiş hadisələrin aşkarlanması və identifikasiyası, müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi, qurumlararası koordinasiyanın əhəmiyyəti, effektiv yeni mexanizmlərin yaradılması və beynəlxalq səviyyədə müəyyən edilmiş normaların Azərbaycan standartlarına uyğunlaşdırılması ilə bağlı müzakirələr yeni hədəflərin müəyyənləşməsi işinə töhfə verəcək.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyasının rəhbəri Vüsalə Fətəliyeva iştirak etmişdir.

Keçidlər