“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun fəaliyyəti ilə əlaqədar tədbir keçirilmişdir
19 avqust 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət planı”nın 12.3.4 bəndinin icrası və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən yeni düzəlişlər barədə maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, Rayon İcra Hakimiyyətində yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun üzvləri iştirak etmişdir. Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH-də yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun sədri Vüsalə Fətəliyeva “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq, Qanuna məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qruplarının yaradılmasını özündə ehtiva edən 19-1-ci maddə əlavə edildiyini, buna əsasən İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun yeni tərkibi haqqında iştirakçılara məlumat vermiş, baş vermiş zorakılıq halları ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırmış, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsinin zəruriliyini vurğulamışdır.
Şuşa Mərkəzi Rayon Xəstəxanası, Publik hüquqi şəxsi, direktor, “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun üzvü Kəmalə Səfərova məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu və məişət zorakılığının əksər ailələrdə özünü müəyyən formalarda biruzə verdiyini, bəzən fiziki, bəzən də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunduğunu diqqətə çatdırmış, məişət zorakılığı törətmiş şəxslərin psixoloji reabilitasiyadan keçmələri üçün müxtəlif proqramlardan istifadə olunmasının vacibliyini qeyd edərək, ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində görülmüş tədbirlər, erkən və məcburi nikahlar, cəmiyyətdə zorakılığın qarşısının alınması istiqamətində 22 iyun 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Şuşa Rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru Şöhrət Abbasov “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərin məişət zorakılığı ilə mübarizəyə, məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha effektiv müdafiəsinə, baş vermiş halların obyektiv araşdırılmasına əvəzsiz töhfələr verəcəyini nəzərə çatdırmışdır.
Sonra çıxış edən monitorinq qruplarının üvzləri yerlərdə baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə danışmışdır. Daha sonra məişət zorakılığının qarşısının alınması zamanı qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edilmişdir.