Şriftin ölçüsü :

Saytın rəngi :

Mətbuat Şurası professor Elçin Əhmədovu “Şuşa İli”ndə təltif edib

28 dekabr 2022 | 14:29
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər üzrə professoru, siyasi elmlər doktoru Elçin Əhmədovla görüşüb.
Mətbuat Şurasının sədri bildirib ki, Elçin Əhmədovun Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətini, xüsusən, Şuşa şəhərinin Azərbaycan tarixindəki rolu barədə tədqiqat əsərlərini, çoxsaylı fundamental əhəmiyyət daşıyan məqalələrini yalnız elmi çevrələr deyil, bütövlükdə ictimaiyyət yüksək qiymətləndirilməkdədir.
Rəşad Məcid bu fəaliyyətin nəinki ölkə mediası tərəfindən maraqla izlənildiyini, habelə, xarici kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olduğunu vurğulayıb. O, eyni zamanda bildirib ki, Elçin Əhmədovun elmi yaradıcılığı jurnalistlərimiz üçün xalqımızın mənəviyyat dünyası olan Şuşa şəhəri ilə bağlı mühüm istinad mənbəyidir. Rəşad Məcid şuşalı alimin uzun illər, xüsusilə “Şuşa ili”ndə gördüyü işlərin vacibliyinə toxunub, onun media ilə sıx təmaslarının faydalılığını əsaslandırıb.
Mətbuat Şurasının sədri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi irsinin təbliğində, Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında xidmətlərinə, çoxsaylı araşdırma yazılarına görə Elçin Əhmədovun rəhbərlik etdiyi qurum tərəfindən təltif edildiyini diqqətə çatdırıb. O, Şuranın diplomunu professora təqdim edib.
Professor Elçin Əhmədov yaradıcılığına verilən yüksək dəyərə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mədəni irsinə dair faktların mediada işıqlandırılmasının xüsusiyyətlərinə dair geniş fikir mübadiləsi də aparılıb. Şuşada anadan olmuş Elçin Əhmədov mövcud istiqamətdəki təcrübəsindən söz açıb.
Keçidlər