Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Albert Aqarunovun xatirəsi anılıb

25 aprel 2023 | 16:48
Ötən əsrdə Azərbaycan xalqına qarşı iki dəfə kütləvi soyqırımı və dəfələrlə etnik təmizləmə həyata keçirən erməni faşizminə qarşı Birinci Qarabağ müharibəsində azərbaycanlılarla yanaşı, əsrlər boyu birgə dostluq və qardaşlıq şəraitində yaşayan digər xalqların da nümayəndələri qəhrəmanlıqla döyüşüblər. O igid oğullardan biri də 30 ildən artıqdır ki, adı dillərdə əzbər olan yahudi xalqının hünərvər oğlu Azərbaycanın Milli Qəhrəmanı, tankçı, Şuşa uğrunda gedən döyüşlərdə canından keçib şəhidlik zirvəsinə ucalan Albert Aqarunovdur.
Azərbaycan xalqı hər zaman Milli Qəhrəman Albert Aqarunovun xatirəsini əziz tutur, adını əbədiləşdirir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində qəhrəman oğulların başladığı haqq işi tarixi ədalətin bərpası ilə nəticələndi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda haqq savaşına qalxan Albert kimi oğulların həyata keçirə bilmədikləri arzularını onların qəhrəman davamçıları 44 günlük Vətən müharibəsində döyüş meydanında gerçəkləşdirdilər. Birinci Qarabağ müharibəsində şanlı döyüş yolu keçən veteran tankçılar 44 günlük Vətən müharibəsində də Ali Baş Komandanın rəhbərliyi altında səfərbər olunaraq, döyüş meydanından düşmənin vurulmuş zirehli texnikalarını çıxardaraq, qısa müddətdə bərpa edib, üstünə Azərbaycanın Milli Qəhrəmanları Albert Aqarunov, Polad Həşimov, Mübariz İbrahimovun adlarını yazıb yenidən döyüşə göndərirdilər.
Aprelin 25-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti, Şuşa Rayon İcra Hakimiyyəti, Dağ Yahudiləri Dini İcması və Veteran Tankçılar İctimai Birliyinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman A.Aqarunovun anadan olmasının 54-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçirilib.
Əvvəlcə şəhidin ruhuna dualar oxunub.
Sonra Memorial-abidəsi önündə xatirə tədbiri davam edib.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov 1992 -ci ildə Şuşa şəhərinin müdafiəsi zamanı böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış Albert Aqarunovun nümunəvi döyüş yolundan danışdı, bütün Azərbaycan xalqının, o cümlədən Şuşalıların qəlbində əbədi yaşayacaq qəhrəman döyüşçünün əziz xatirəsinin yad edilməsini, onun adının əbədiləşdirilməsini xalqımızın öz igid oğullarına verdiyi qiymətin bir nümunəsi kimi dəyərləndirdi.
Keçidlər