Şriftin ölçüsü :

Saytın rəngi :

Musiqi məbədi Şuşa" kitabının təqdimatı keçirildi

26 dekabr 2025 | 17:52
Dekabrın 26-da Beynəlxalq Muğam Mərkəzində sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Musiqi dünyası" radiojurnalının aparıcısı, ssenari müəllifi, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının dahi Üzeyir Hacıbəyovun anadan olmasının 140 illiyinə ithaf etdiyi “Musiqi məbədi Şuşa” kitabının təqdimatına həsr olunmuş “Suşa musiqidə” adlı ədəbi-bədii tədbir keçirildi.
Nəfis tərtibatda çap edilmiş nəhəng kitabda Qafqazın Konservatoriyası, poeziya və musiqi beşiyi olan müqəddəs Şuşamızın musiqi həyatından, burada boya-başa çatan sənətkarlardan, Şuşaya həsr olunan musiqi əsərlərindən - bir sözlə, Şuşanın dünənini və bu gününü əks etdirən musiqi dünyasından bəhs olunur.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan və Dövlət Himni səsləndikdən sonra tədbirin aparıcısı Səadət Təhmirazqızı giriş nitqi söylədi. Daha sonra Şuşaya həsr edilmiş qısa video rolik nümayiş etdirildi.
Tədbirdə iştirak edən Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, sənətşünaslıq üzrə elmlər doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Leyla Zöhrabova, Ziyalılar İctimai Birliyinin sədri, rəssam Minayə Feyzullayeva çıxışlarında Şuşanın zəngin musiqi və mədəni irsinə ithaf olunmuş "Musiqi məbədi Şuşa" kitabının Azərbaycanın musiqi irsinə gözəl töhfə olduğunu , Şuşanın XVIII əsrdən bu günədək uzanan zəngin musiqi tarixini əhatə ediyini, kitabda Şuşanın musiqili teatr ənənələri, görkəmli şuşalı musiqiçilər və onların nəsilləri haqqında qısa, lakin əhatəli məlumatların yer almasının böyük əhəmiyyətini qeyd etdilər. Sonra ifaçılar tərəfindən Şuşaya həsr olunmuş biri -birindən gözəl mahnılar səsləndi. Sonda foyedə xatirə şəkilləri çəkildi, Səadət xanım yeni təqdim olunan kitabını öz avtoqrafı ilə bəzi tamaşaçılara hədiyyə etdi.
 
 
 
 
 
 
 
Keçidlər