“Narkomaniyaya qarşı mübarizə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilmişdir
Şuşa Humanitar Kollecində keçirilən tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri, “Narkotik vasitələri, psixotrop maddələrin və onların prekursorlarını Məhvetmə Komissiyası”nın katibi Natiq Mahmudov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Zeybək Cəfərov, Şuşa Humanitar Kollecin direktor müavini Azər Səfixanov, kollecin tələbələri iştirak etmişdir. Tədbirdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.21-ci yarımbəndinin icrası ilə əlaqədar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində normativ hüquqi aktların müddəalarının və tələblərinin əhaliyə izah edilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən "Məlumatlı ol, cinayət törətmə" adlı maarifləndirici və məlumatlandırıcı əyani vəsait hazırlandığı tələbələrin diqqətinə çatdırılmış, bildirilmişdir ki, əyani vəsaitdə normativ-hüquqi aktların müddəalarının və tələblərinin izah edilməsi məqsədilə əsas hüquqi məlumatlar - az, xeyli və külli miqdarda saxlama, hazırlama, daşıma, satış, prekursorların qanunsuz dövriyyəsi, narkotik bitkilərin kultivasiyası, istifadəyə təhrik, habelə yetkinlik yaşına çatmayanlara satış, internet vasitəsilə yayılma və digər əməllərə görə Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş cəzalar konkret maddələr üzrə əks olunmuşdur. Tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə təhsil müəssisələrində “Biz narkotikə yox deyirik”, “Sən hədəf deyilsən”, “Yeniyetmələr arasında zərərli vərdişlər” mövzularında dəyirmi masaların, ictimai mühazirələr təşkil edildiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə narkomaniyanın profilaktikasına və qarşısının alınmasına son dərəcə ciddi əhəmiyyət verilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipial mövqeyi, bu sahədə dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi, gənc nəslin sağlam və yüksək ideyalar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində ciddi tədbirlər görüləcəyinə əminlik yaradır.






