Şriftin ölçüsü :

Saytın rəngi :

Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 90 illik yubileyi Beynəlxalq Muğam Mərkəzində böyük təntənə ilə qeyd edildi

25 may 2022 | 11:13

Azərbaycanın mədəniyyət paytaxtı olan, "Qafqazın konservatoriyası" adlandırılan Şuşa şəhəri Azərbaycanın görkəmli şairlərinin, bəstəkarlarının və musiqiçilərinin vətənidir. Artıq təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da Şuşa şəhəri Azərbaycanın musiqi beşiyi kimi tanınır. İşğaldan azad olunmasından az müddət keçməsinə baxmayaraq Şuşa şəhəri beynəlxalq tədbirlərə ev sahibliyi edir,  mədəniyyət paytaxtımızda müxtəlif  festivallar keçirilir.
Azərbaycanın tanınmış vokal ustası, böyük sənətkar Bülbülün bilavasitə təşəbbüsü, Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1932-ci il, 10 oktyabr tarixli qərarına əsasən Şuşada uşaq incəsənət və musiqi məktəbi açılmışdır.
Fəaliyyətə başladığı ilk gündən şəhər əhalisinin diqqətini çəkən təhsil ocağına onlarla uşaq yazıldı.  Öz övladlarını bu məktəbə musiqi sənətinin sirlərinə yiyələnməsi üçün yola salan valideynlər onların gələcəkdə təkcə Şuşanın və şuşalıların deyil, Azərbaycanın fəxri olacaqlarına böyük ümidlər bəsləyirdilər. Və nə xoş ki, onların bu ümidləri özünü doğrultdu. Bu məktəbin məzunları arasından ölkənin tanınmış sənətkarları Süleyman Ələsgərov, Əşrəf Abbasov, Rauf Əliyev, Kamal Məmmədov, Kamal Abbasov və digər musiqi xadimlərimiz bu gün şagirdlərə ən layiqli örnəkdir.
       25 may 2022 –ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsi, Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbi və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin 90 illik yubileyinə həsr olunan "Əziz Şuşa, sən azadsan!" adlı tədbir keçirildi. Mərkəzin foyesində təşkil edilmiş “Şuşa ili”nə həsr edilən rəsm sərgisi, “Qaytağı” ritm  və “Təbəssüm” rəqs qruplarının  gözəl musiqi nümunələri və rəqsləri qonaqların böyük marağına səbəb oldu.  Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükut anımı ilə başlayıb. Daha sonra təqdim edilən videoçarxda məktəbin 90 ildə keçdiyi yola, qazandığı uğurlara nəzər salınıb. Videoçarxda qeyd edilib ki, Azərbaycan vokal sənətinin banisi görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün təşəbbüsü ilə, Azərbaycan SSRİ Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən yaradılmış Şuşa Musiqi Məktəbi Azərbaycanda yaradılan ilk musiqi məktəblərindən biri idi. Məktəb Xanqızı Natəvanın evi olmuş binada fəaliyyətə başlamışdır. Tədbirdə Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyeva, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Azərbaycanın görkəmli tarzəni, Xalq artisti, professor Vamiq Məmmədəliyev, Azərbaycanın xalq artisti, professor Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Ramiz Quliyev, rayonun incəsənət adamları, ziyalılar, müəllimlər iştirak edirdilər. Tədbirdə çıxış edənlər   Şuşa musiqisindən, Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin  keçdiyi tarixi yoldan danışmış, 90 –illik yubiley münasibətilə məktəbin müəllimlərini, direktorunu təbrik etmiş və gələcək fəaliyyətində onlara yeni –yeni uğurlar arzu etmişlər. Məktəbin kollektivinə musiqi təhsilinin inkişafında səmərəli fəaliyyətinə görə  Mədəniyyət Nazirliyinin və Şuşa Rayon İcra Hakimiyyətinin  Fəxri Fərmanları təqdim edildi. Tədbirin bədii hissəsində  Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin   xalq çalğı alətləri ansamblının, 3 –cü Televiziya Muğam müsabiqəsinin laureatı  Günay Şuşalı, 4 –cü Televiziya Muğam müsabiqəsinin qalibi Babək Şuşalının  və məktəbin şagirdlərinin  ifasında gözəl musiqi nümunələri səsləndirildi.Tədbirin sonunda xatirə şəkilləri çəkdirilmişdir.

         28 illik məcburi köçkün həyatının bütün çətinliklərinə sinə gərən Şuşalılar  musiqi ənənələrimizi qoruyub saxlaya və inkişaf etdirməyə müvəffəq olmuşlar.Musiqi məktəblərimiz azad Şuşamızda yenidən bərpa olacaq və bu məktəblərin yetirmələri dünya şöhrətli musiqiçilər kimi ölkəmizi, şəhərimizi layiqincə təmsil edəcək, musiqimizin şöhrətini  daha da yüksəklərə qaldıracaqlar.  

Keçidlər