Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirildi
Əsrlərin sınağından çıxmış, xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələrini özündə yaşadan Novruz bayramı hər il respublikamızın bütün rayonlarında olduğu kimi Şuşa rayon əhalisinin kompakt məskunlaşdığı Sabunçu rayonu,”Ramana -450” qəsəbəsində təntənəli şəkildə qeyd edildi. Bayram tədbirində Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva,YAP Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə nümayəndəsi Bayram Cəfərov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının Malıbəyli Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Fuad Abbasov, idarə, müəssisə rəhbərləri, ziyalılar, qazilər, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak etdilər. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva tədbiri giriş sözü ilə açaraq xalqımızın əziz günlərindən biri olan Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən Şuşalıları təbrik etdi və onlara bol ruzi, ailələrinə əmin-amanlıq, işlərində müvəffəqiyyətlər arzuladı, rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik etdi və ən xoş arzularını çatdırdı. Vüsalə xanım bildirdi ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra babalarımızdan bizə miras qalmış Novruz bayramı milli dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başlanmışdır. Azad Şuşamızda Novruz bayramını artıq 3 –cü ildir ki, qalib xalqın nümayəndələri kimi böyük qürur və iftixar hissi ilə qeyd edildiyini bildirən Vüsalə xanım “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlərin miqyasının rayon əhalisinin qısa zaman ərzində doğma torpaqlarımıza qayıdacağının xəbərçisi olduğunu qeyd etdi. Tədbirdə çıxış edən digər natiqlər Novruzun ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunduğunu, bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasının Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini, bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürməyin hər kəsin müqəddəs borcu olduğunu bildirdilər. Sonra bayram tonqalı ətrafında Novruzun ənənəvi personajlarının iştirakı ilə müxtəlif proqramlar təşkil olundu, Bahar qızın könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tədbir iştirakılarına xoş ovqat bəxş etdi. Rayon Mədəniyyət Evində davam edən tədbirdə rəqs kollektivlərinin, musiqiçilərin ifasında baharın gəlişini tərənnüm edən biri –birindən gözəl nəğmələr, rəqs nümunələri təqdim olundu.