Novruz bayramı qeyd edilmişdir
18 mart 2024-cü il tarixdə Şuşa Rayon Mədəniyyət Evi və Turşsu qəsəbə musiqi məktəbinin təşkilatçılığı ilə “Qobu Park” yaşayış massivində xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilmişdir.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin nümayəndələri, məktəblilər, ərazidə yaşayan əhali iştirak etmişdir. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva tədbir iştirakçılarını və rayon əhalisini Novruz bayramı münasibəti ilə təbrik edərək, bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edərək dünyaya inteqrasiya olunur, regionlarımız sürətlə inkişaf edir, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində tədbirlər həyata keçirilir.
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ciddi işlər görülür. Öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, bir çox irimiqyaslı layihələrin reallaşmasına nail olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış, BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" barədə qətnamə qəbul edilmişdir. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Dövlət Proqramına uyğun olaraq Rayon və kəndlərimizə Böyük Qayıdış başlayıb. Artıq 4-cü ildir ki, azad torpaqlarda tonqallarımız yanır, əhali öz evlərində bayramlar keçirir. Hər birimiz doğma evlərimizə qayıdacaq, ən gözəl bayramlarımızı doğma torpaqlarımızda keçirəcəyik. Hər birinizin Novruz bayramı mübarək olsun, sağlıqlı ömür, ruzi-bərəkət nəsibiniz olsun.
Şuşa Rayon Mədəniyyət Evinin bədii rəhbəri Orxan Mövlanın, Şuşa rayon Turşsu kənd Uşaq Musiqi Məktəbinin müəllimləri Murad Kəngərlinin, Qurban Həsənovun, Qismət Osmanovun ifa etdiyi mahnılar, həmin musiqi məktəbinin müəllimlərdən ibarət ansamblının (Ansambl rəhbəri Ramil İsgəndərov) rəngarəng musiqi nömrələri, şagirdlərin ifasında səslənən musiqi (Ansamblın rəhbəri Amil Məmmədov) və şeir nömrələri, xor kollektivinin ( Xormestr: Aytən Əlirzayeva) və nağaraçalanların ifası, bayram tonqalı ətrafında Novruzun rəmzi olan Kosanın, Keçəlin iştirakı ilə xalq rəqsləri və oyunlar alqışlarla qarşılandı.
Turşsu kənd Uşaq Musiqi Məktəbinin direktoru İlham Həsənov tədbirdə iştirak etdiklərinə görə hər kəsə öz təşəkkürünü bildirdi, bayramlarını təbrik etdi.
Əziz şuşalılar! Təmizlik, saflıq, ruzi-bərəkət, bolluq, birlik və həmrəylik rəmzi olan Novruz bayramı münasibəti ilə sizi təbrik edirik!