“Novruz bayramı”na həsr edilmiş rayon tədbiri keçirildi
18 mart 2025 | 17:11
Xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələrini özündə yaşadan Novruz bayramı hər il respublikamızın bütün rayonlarında olduğu kimi Şuşa Rayon İcra Hakimiyyətinin və Şuşa Rayon Mədəniyyət evinin təçkilatçılığı ilə Şuşa rayon əhalisinin kompakt məskunlaşdığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində təntənəli şəkildə qeyd edildi. Bayram tədbirini giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirdi ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz bayramı həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Vüsalə xanım Fətəliyeva Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun və rayon ictimaiyyəti adından xalqımızın əziz günlərindən biri olan Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, bütün Azərbaycan xalqını, o cümlədən Şuşalıları təbrik etdi və onlara bol ruzi, ailələrinə əmin-amanlıq, işlərində müvəffəqiyyətlər arzuladı. Vüsalə xanım bildirdi ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra babalarımızdan bizə miras qalmış Novruz bayramı milli dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başlanmışdır. Azad Şuşamızda Novruz bayramını artıq 5 –ci ildir ki, qalib xalqın nümayəndələri kimi böyük qürur və iftixar hissi ilə qeyd edildiyini bildirən Vüsalə xanım “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlərin miqyasının rayon əhalisinin qısa zaman ərzində doğma torpaqlarımıza qayıdacağının xəbərçisi olduğunu qeyd etdi. Tədbirdə çıxış edən Şuşa Mədəniyyət evinin direktoru Rüstəm Əliyev Novruzun ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunduğunu, bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanıldığını, Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini, bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürməyin hər kəsin müqəddəs borcu olduğunu bildirdi. Sonra bayram tonqalı ağsaqqallar tərəfindən alovlandırıldı, Novruzun ənənəvi personajlarının iştirakı ilə müxtəlif proqramlar təşkil olundu, Kosa və Keçəlin şirin, məzəli oyunları tədbir iştirakçılarına xoş ovqat bəxş etdi. Rayon Mədəniyyət Evinin və rayon uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin, rəqs kollektivlərinin, musiqiçilərin ifasında baharın gəlişini tərənnüm edən gözəl nəğmələr, rəqs nümunələri təqdim olundu.Tədbirin sonunda xatirə şəkli çəkildi.