Noyabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə partiyanın yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib
20 noyabr 2025 | 15:44
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Yeni Azərbaycan Partiyasının 33 illik siyasi yolunu, uğurlarını və dövlətçilik tariximizdə oynadığı rolunu əks etdirən videoçarx nümayiş olunub.
Çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev bildirib ki, 33 il əvvəl əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın siyasi, ictimai, mədəni və intellektual inkişafında mühüm yer tutan qüvvəyə çevrilib. O vurğulayıb ki, YAP yarandığı ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişadf, idarəetmənin müasirləşdirilməsi istiqamətlərində fəal mövqe sərgiləyib, ölkənin tərəqqisi naminə mühüm addımlar atıb və bu gün də həmin missiyanı uğurla davam etdirir.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması təkcə siyasi hadisə deyil, həm də ölkəmizin taleyində dönüş yaradan mühüm mərhələdir. O bildirib ki, YAP-ın təşəkkül tapması Azərbaycanı xaos və qeyri-sabitlikdən xilas edərək inkişaf və sabitlik yoluna çıxaran əsas amillərdən biri olub. Bayram Səfərov çıxışında həmçinin vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində xalqımız 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyümüzü bərpa edib.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Rayon Mərkəzi Xəstəxanasının direktoru və 24 nömrəli ərazi partiya təşkilatının sədri Kamalə Səfərova, eləcə də İcra Hakimiyyəti Başçısı Aparatının Şəhid ailələri və müharibə veteranları ilə iş şöbəsinin müdiri Elxan Ələkbərov çıxış edərək YAP-ın bu gün də ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını, dövlətçilik maraqlarının qorunması naminə ardıcıl fəaliyyət göstərdiyini qeyd ediblər. Məruzəçilər partiyanın gələcək illərdə də ölkənin inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər.
Daha sonra bir sıra Ərazi Partiya Təşkilatlarının (ƏPT) sədrlərinə yubileyləri ilə əlaqədar xüsusi təltiflər təqdim olunub. Partiyanın sıralarına yeni qəbul olunmuş üzvlərə isə YAP üzvlük vəsiqələri verilib. Bu təqdimatlar YAP ailəsinin daha da böyüdüyünü, partiyanın ideyalarına olan etimad və inamın daim artdığını bir daha nümayiş etdirir.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib və tədbir ruh yüksəkliyi ilə yekunlaşıb.






