Noyabrın 4-də Zəfər Günü münasibətilə oktyabrın 7-dən başlanan və Azərbaycanın bütün rayonlarını əhatə edən “Zəfər Forumu”nun bağlanış mərasimi keçirilib
06 noyabr 2022 | 16:12
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri, Şuşa rayonundan Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon şöbəsinin rəisi Seymur Qurbanov, İctimai -siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Natiq Mahmudov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyev, Şuşa şəhərinə Şanlı bayrağımızı sancan həmyerlimiz, polkovnik Səbuhi Ağayev iştirak ediblər.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən bəhs edib. Vüsal Quliyev rəşadətli Ordumuzun əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini, torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına azad edildiyini, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi nəticəsində Qələbənin təmin olunduğunu nəzərə çatdırıb. Azərbaycan Respublikasında Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının əhəmiyyəti barədə danışıb.
Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. Vətən müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. A.Əliyeva qeyd edib ki, müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı.
Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxışlarında Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bildiriblər.
Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dövlətimizin başçısına dərin minnətdarlıq ifadə olunub.
Əməkdar artist, polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnıları alqışlarla qarşılanıb.