Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Şuşa rayonunda daim diqqət mərkəzində saxlanılır
24 sentyabr 2024 | 17:15
Ölkə başçısının tapşırığına əsasən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın 58 rayonunda məskunlaşmış rayon əhalisi ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun 24 sentyabr 2024-cü il tarixdə Ağdam rayonu, Mirzələr qış yatağında yerləşən Şuşa şəhər 21 saylı orta məktəbdə rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirildi. RİH başçısı Bayram Səfərov rayon sakinləri qarşısında çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafı, işğaldan azad edilən ərazilərin yenidən qurulması, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, "Böyük Qayıdış" Proqramının uğurla icra olunması haqqında ətraflı danışdı.
Bayram Səfərov şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açdı, Şuşa rayon ərazisində aparılan abadlıq, quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verdi.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, işlə təmin olunma, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.