Qələbənin rəmzi - Zəfər paradı
04 dekabr 2022 | 12:54
Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq. Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Bakıda keçirilən Zəfər paradı xalqımızın qüruru, ordumuzun, dövlətimizin gücünün göstəricisi, xalqın çoxdan arzuladığı tarixi bir gün idi. Müstəqilliyimizin mübarizə məkanı olan Azadlıq meydanında Ali Baş Komandan, Prezident İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi çıxışları, 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, Azərbaycan Silahli Qüvvələrinin 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemlərinın, hərbi gəmi və katerlərin nümayiş olunduğu anlar tarixin yaddaşındaəbədi həkk olundu. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak edirdi. Dövlət başçısı nitqində həmin günün tarixi mahiyyətini sərrast açıqladı: “Azadlıq Meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu zəfər paradıdır. Bu tarixi hadisədir”. Ali Baş Komandanın fikri Zəfər Paradının məntiqi olaraq tarixi qiymətini və əhəmiyyətini əks etdirir. 44 günlük müharibənin gedişatında olduğu kimi, 10 dekabr Zəfər paradında da bütün dünya, beynəlxalq ictimaiyyət “bir millət, iki dövlət” ifadəsinin real olaraq Azərbaycan-Türkiyə qardaşlığının, hərbi tərəfdaşlığının şahidi oldu. Qələbəmizə həsr olunmuş Zəfər paradı təkcə, Azərbaycan Ordusunun hərbi potensialı, gücü ilə yadda qalmadı. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi Ermənistandan ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. İşğalçı Ermənistan və bütün dünya Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu. 30 ildə beynəlxalq təşkilatların edə bilmədiklərini Azərbaycan Ordusu 44 gündə həyata keçirdi. Düşmənin döyüş meydanında qoyub qaçdığı hərbi texnikaların göstərilməsi ilə Azərbaycan Ermənistana və onun havadarlarına, himayədarlarına siyasi mesaj verdi. Bu, həmçinin bütün dünyada işğala, hərbi təxribatlara cəhd etmək istəyən qüvvələrə, dövlətlərə ibrət dərsi idi.