Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və memarlıq ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycan memarlığı” adlı dəyirmi masa keçirilmişdir

11 mart 2026 | 17:13

11.03.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin və Yap Şuşa Rayon Təşkilatının iştirakı ilə “Heydər Əliyev və Azərbaycan memarlığı” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında qeyd etmişdir ki, 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan edilməsi haqqında möhtərəm cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncam müasir dövrdə memarlığın və şəhərsalmanın ölkəmizin həyatında və insanların yaşadığı sağlam, əlverişli mühitin formalaşmasında oynadığı əhəmiyyətli rolun göstəricisidir”.  Ulu Öndərin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyası bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri milli şəhərsalma konsepsiyasının müasir mərhələdə tətbiqinin bariz nümunəsidir. Heydər Əliyev Azərbaycan memarlığının dirçəlişi, milli üslubun müasir texnologiyalarla sintezi və Bakının modern şəhərsalma simasının formalaşmasında müstəsna rol oynamışdır. 1969-cu ildən başlayaraq tarixi-mədəni irsin qorunması, abidələrin bərpası və monumental tikililərin inşası ilə ölkədə memarlığın yeni intibah dövrünü yaratmış, bu qayğı ənənəsi hazırda uğurla davam etdirilir. 

Tədbirdə çıxış edənlərin hər biri Heydər Əliyevin təşəbbüsü və memarlıq irsimizə göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəllərinin ucaldıldığını, tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeylərinin yaradıldığını qeyd etmişdir. Bakının memarlıq simasına xüsusi diqqət yetirən Heydər Əliyev respublika paytaxtının ən mühüm şəhərsalma qovşaqlarının və böyük əhəmiyyətə malik olan ayrı-ayrı qurğuların layihələndirilməsi üçün ümumittifaq və respublika miqyaslı müsabiqələr keçirməyə nail olmuşdur.

Milli memarlığa Heydər Əliyevin fenomenal qayğı ənənəsini bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir. İllər uzunu erməni işğalı altında olan torpaqlarımıza Böyük Qayıdış konsepsiyası, dağıdılan şəhər və kəndlərimizin yenidən qurulması, tarixi-memarlıq irsimizin bərpası ölkəmizdə memarlıq və inşaat fəaliyyətinin daha da genişlənməsinə şərait yaradıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması çağdaş tələblər səviyyəsində, yeni texnologiyaların, şəhərsalma standartlarının və memarlıq formalarının tətbiqi ilə gerçəkləşir. Abidələrin ilkin siması özünə qaytarılır, məhz dünənlə bu günün arxitektura vəhdətində XXI əsrin yeni Azərbaycan kənd və şəhərlərinin obrazı yaradılır. Qürur doğuran bu milli təəssübkeşliyin kökündə isə Ulu öndərin milli-mənəvi dəyərlərimizə, maddi mədəniyyətimizə böyük məhəbbəti dayanır.

Keçidlər