“Şəhərsalma və Memarlıq İli” ilə bağlı növbəti tədbir keçirilmişdir
12 may 2026 | 17:16
Mayın 12-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şuşa Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Milli irs və şəhərsalma" mövzusunda tədbir keçirilmişdir. Tədbirin əvvəlində Şuşa Dövlət Rəsm Qalereyasının fondunda qorunan, qədim Şuşa memarlığını, tarixi məhəllələrini və milli memarlıq ənənələrini, şəhərsalma mədəniyyətini özündə əks etdirən təsviri sənət nümunələri nümayiş etdirilmişdir. Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşlarınının, mədəniyyət müəssisələrinin rəhbərlərinin və müəllimlərin iştirakı ilə baş tutan tədbirdə çıxış edənlər Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə diqqət mərkəzində olmasından, 17-22 may 2026-cı il tarixdə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu – WUF13-ün ölkəmizin qlobal urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhər idarəçiliyi sahəsində artan rolundan, Şuşa şəhərsalma mədəniyyətinin tarixindən danışmış, belə mötəbər beynəlxalq platformaya ev sahibliyi etməyin Azərbaycanın şəhərsalma, memarlıq və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyi qeyd olunmuşdur. Vurğulanmışdır ki, milli memarlığa Ulu Öndərin yüksək qayğı ənənəsi bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Xüsusilə erməni işğalı nəticəsində dağıdılan şəhər və kəndlərimizin yenidən qurulması, tarixi-memarlıq irsimizin bərpası geniş vüsət almışdır. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması çağdaş tələblər səviyyəsində, yeni texnologiyaların, şəhərsalma standartlarının və memarlıq formalarının tətbiqi ilə gerçəkləşir. Abidələrin ilkin siması özünə qaytarılır, məhz dünənlə bu günün arxitektura vəhdətində XXI əsrin yeni Azərbaycan kənd və şəhərlərinin obrazı yaradılır. Qürur doğuran bu milli təəssübkeşliyin kökündə isə Ulu Öndərin milli-mənəvi dəyərlərimizə, maddi mədəniyyətimizə böyük məhəbbəti dayanır.
Tədbirin sonunda isə Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş intellektual yarışda II yerə layiq görülən iştirakçılar MİHİ Şuşa Rayon Komitəsi tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif olunmuşlar.






